Xocalıda Soyqırım Memorialının açılışı ədalətin təntənəsidir
Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən azərbaycanlılara, insanlığa, bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 600-dən çox günahsız mülki şəxs, onlardan 106-sı qadın, 63-ü uşaq erməni faşistləri tərəfindən qəddarcasına qətlə yetirilmişdir, 150 nəfər itkin düşmüş və aydın məsələdir ki, onlar da ermənilər tərəfindən öldürülmüşdür.
Bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün Heydər Əliyev Fondunun fəaliyyəti yüksəkdir. Fond yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi. Bu təşəbbüsü Fondun vitse-prezidenti Leyla Əliyeva həyata keçirirdi. Son 20 il ərzində onun təşəbbüsü ilə dünyanın bir çox ölkələrində bir çox tədbirlər, təqdimatlar, simpoziumlar, konfranslar keçirilmişdir, bir çox kitablar, broşürlər, bukletlər dərc edilmişdir. “Xocalıya ədalət!” hərəkatının təsiri böyük olmuşdur.
Beynəlxalq təşkilatlar, dünyanın aparıcı ölkələri Ermənistan dövlətinin törətdiyi bu qanlı cinayəti ört-basdır etməyə çalışırdılar. 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması bir addım idi, Vətən müharibəsi və şanlı Zəfərimiz ikinci addım idi, Xocalı şəhərinin iki il yarım bundan əvvəl azad edilməsi isə son addımlardan biri idi.
Xalqımız bir yumruq kimi birləşərək həm 2020-ci, həm 2023-cü illərdə böyük qəhrəmanlıq göstərmişdir. Ölkəmiz ədaləti Silahlı Qüvvələrimizin peşəkarlığı, fədakarlığı, rəşadəti hesabına təmin etmişdir.
Xocalı soyqırımı ilə bağlı həqiqətlərlə bağlı son illər ərzində bir çox beynəlxalq təşkilatlar məcburiyyət qarşısında ölkəmizin mövqeyini, ədalətli mövqeyimizi dəstəkləyən qərar və qətnamələr qəbul etmişdir. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin hüquqi əsasını təşkil etmişdir. Bu da beynəlxalq müstəvidə Azərbaycan həqiqətlərini, Qarabağ münaqişəsi həqiqətlərini çatdırmaq üçün imkan yaratmışdır..
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iki il bundan əvvəl Xocalı Soyqırımı Memorial Kompleksin təməlqoyma mərasimində dediyi kimi Memorial Kompleksin açılışı, məhz Xocalıda açılışı ədalətin təntənəsidir. Bu Kompleks silinməz yaddaşımızın təcəssümü olacaq. Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq.
26 fevral 2026-cı il tarixdə açılışı olan bu Memorial Kompleksin timsalında Azərbaycan xalqının əyilməz ruhu görsənir. Çünki bu qədər, – yəni Xocalı soyqırımı XX əsrin ən qanlı cinayətlərindən biri idi və xalqımız buna məruz qalmışdı, – 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız öz mənliyini, ləyaqətini, inamını saxladı. Artıq Azərbaycan 1992-ci ilin Azərbaycanı deyil. Bu gün dövlətimiz güclü dövlətdir, özünü müdafiə etməyə qadir olan dövlətdir.



