“Yaşıl dünya naminə həmrəy olaq!” adlı elmi-praktik konfrans keçirilib
Gəncə Dövlət Universitetinin Filologiya və Xarici dillər fakültələrində “Yaşıl dünya naminə həmrəy olaq!” adlı elmi-praktik konfrans keçirilib. Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva giriş sözü ilə çıxış edərək ekoloji tarazlığın və ətraf mühitin qorunması, alternativ enerji mənbələrindən səmərəli istifadə, eləcə də iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində görülən işlərin əhəmiyyətindən danışıb. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin respublikamızda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb. Prorektor təbiətin qorunmasına töhfə vermək, ətraf mühiti sağlamlaşdırmaq və yaşıllıqları artırmaq məqsədilə Gəncə Dövlət Universitetində həyata keçirilən işlərdən bəhs edib.
Daha sonra Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri, dosent Səba Namazovanın “Yaşıl dünya sağlam gələcəyimizin rəhnidir”, Rus dili kafedrasının dosenti Sevda Əliyevanın “Yaşıl dünyamızı qoruyaq”, Alman dili kafedrasının baş müəllimi Vüsalə Kərimovanın “Yaşıl dünyaya gedən yol” , Azərbaycan dili kafedrasının müəllimi Ruhanə Xanbatovanın “Gələcəyimiz naminə təbiəti qoruyaq” və Filologiya fakültəsinin tələbələrinin ” Mütəfəkkirlərin ekologiyaya aid fikirləri” mövzularında məruzələri dinlənilib.
Çıxış edənlər dünyanı narahat edən ekoloji problemlərdən, iqlim dəyişiklikləri və onların canlı aləmə mənfi təsirlərindən, ekoloji mədəniyyətdən söhbət açaraq 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti