YENİ TƏDRİS İLİ GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ ÜÇÜN YÜKSƏK GÖSTƏRİCİLƏRLƏ BAŞLAYIB
Sentyabrın 16-da Gəncə Dövlət Universitetinin (GDU) professor-müəllim və tələbə heyəti 2019-2020-ci tədris ilində ilk dərs gününün sevincini yaşayıblar.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, GDU-nun rektoru, professor Yusif Yusibov universitetə qəbul olunmuş birinci tədris ili tələbələrini və onların valideynlərini təbrik edib, gənclərə həyatda və təhsildə uğurlar arzulayıb.
Bu il 1-ci kursa daxil olan və tələbə adını qazanmış gənclərə, onların valideynlərinə bu ali təhsil müəssisəsini seçdiklərinə görə universitetin pedaqoji kollektivi adından minnətdarlığını ifadə edən rektor bildirib ki, bu gün Gəncə Dövlət Universiteti özünün ən yüksək inkişaf dövrünü yaşayır.
Rektor qeyd edib ki, hələ ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanda elmə və təhsilə böyük diqqət və qayğ göstərib. Bu gün isə Prezident İlham Əliyev tərəfindən elm və təhsilin inkişafı ölkəmizin ümumi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib. Ölkə Başçısı tərəfindən milli təhsilin dünya təhsili səviyyəsinə yüksəldilməsi üçün bir sıra islahatlar həyata keçirilib, bu sahənin hərtərfli inkişafına böyük məbləğdə vəsait ayrılıb.
Təhsil nazirliyi tərəfindən həyata keçirilən islahatların təhsildə keyfiyyət göstəricilərinə müsbət təsir göstərdiyini deyən rektor qeyd edib ki, Azərbaycanın müstəqilliyi dövründə bu il ali məktəbə qəbul olan tələbələrin sayı daha artıq, yəni qəbul üzrə plan 97 faiz olub. Həmçinin builki qəbul imtahanlarında da ali məktəbə 500 bal və 600 baldan yüksək göstəricilərlə daxil olan tələbələr qeydə alınıb.
Rektor Yusif Yusibov vurğulayıb ki, yeni tədris ili respublikamızın qərb bölgəsinin ən qocaman, böyük və nüfuzlu ali təhsil müəssisəsi olan Gəncə Dövlət Universiteti üçün yüksək göstəricilərlə başlayıb. Belə ki, bu təhsil ocağına daxil olan tələbələrin sayı bu il müstəqillik dövründəki bütün illərlə müqayisədə ən yüksək həddə çatıb. Ötən il Gəncə Dövlət Universiteti qəbul planının yerinə yetirilməsinə görə respublikanın bütün universitetləri arasında 2-ci və 3-cü yerləri bölüşüb. Bu ilki qəbul planının yerinə yetirilməsinə görə isə Təhsil Nazirliyi tabeliyindəki ali məktəbləri arasında ilkin sıraya yüksəlib. Həmçinin yüksək balla daxil olan tələbələrin sayına görə də bu ali təhsil müəssisəsində yüksək nəticələr qeydə alınıb. Belə ki, bu il GDU-ya 500-dən yüksək balla daxil olanların sayı 92 nəfər, 600-dən yüksək bal toplayan gənclərin sayı isə 4 nəfər olub. Həmçinin Gəncə Dövlət Universitetində qeydə alınmış bu göstəricilərin region universitetləri arasında ən yüksək göstərici olduğu diqqətə çatdırılıb.
Professor Yusif Yusibov bildirib ki, bu il universitetin professor – müəllim və tələbə heyəti üçün iki əlamətdar hadisə ilə daha da yaddaqalan olacaq.
Belə ki, Ölkə Başçısı tərəfindən universitetin kitabxana və tələbə şəhərciyinin yenidənqurulması üçün 8 milyon manat vəsait ayrılıb. Təxminən üç aydan sonra Gəncə Dövlət Universitetinin yeni kitabxana və yataqxanaları istifadəyə veriləcək.
Tədbirdə çıxış edən universitetin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadə xoş günün səbəbkarı olan gəncləri tələbə adını qazanmaları münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb.
Pərvin Kərimzadə əminliklə ifadə edib ki, Gəncə Dövlət universitetini seçən tələbələr ilk gündən qayğıkeş və savadlı müəllimlərlə, eyni zamanda əlverişli təhsil mühiti ilə əhatə olunacaqlar. Universitetin məzunları sırasında çoxsaylı alimlərin, Xalq şairlərinin, elm sahəsində Prezident mükafatçılarının olduğunu deyən Milli Məclisin deputatı bildirib ki, hazırda bu ali təhsil müəssisəsinin bir çox tələbələri Qərbin və Avropanın ən nüfuzlu universitetlərində təhsillərini davam etdirirlər.
Pərvin Kərimzadə GDU-nun beynəlxalq əlaqələrinin respublikamızdakı universitetlər içərisində ilk yerlərdən birini tutduğunu deyib və universitetdə təhsil alan tələbələrin çoxsaylı akademik mübadilə proqramlarına qoşulması üçün əlverişli şəraitin olduğunu bildirib.
Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin İngilis dili müəllimliyi ixtisasına 611 balla qəbul olan Səbinə Əlizadə qəbul olan bütün tələbələri təbrik edərək hər birinə uğurlar arzulayıb. Yüksək balla universitetə qəbul olmasında ona dəstək olan valideynlərinə və bütün müəllimlərinə minnətdarlığını bildirib və gələcəyin ən savadlı müəllimlərindən olacağına söz verib.