9MAY- QƏLƏBƏ GÜNÜ
XX əsrdə İkinci Dünya Müharibəsi illəri bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalmışdır. 9 may 1945-ci ildə Ali Reyx rəhbərliyi tərəfindən Almaniyanın qəti şəkildə təslim olması ilə bağlı Aktın imzalanması ilə bəşəriyyət tarixində ən qanlı müharibəyə son qoymuşdu. Bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi həmin gün SSRİ-nin qələbəsi ilə başa çatmış və faşizm süqut etmişdi. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü, hətta bütün bəşəriyyəti təhlükə altına almışdı. Qərb demokratiyasının, faşizmin və kommunizmin toqquşmasının labüd nəticəsi olaraq bu müharibəyə o vaxt SSRİ-nin tərkibində olan Azərbaycan da qoşulmalı olmuşdu. İkinci Dünya müharibəsinin tarix ədəbiyyatında çox vaxt “Vətən müharibəsi” adlanan 1941-1945-ci illər dövründə Azərbaycan xalqı istər cəbhədə, istərsə də arxada misilsiz döyüş və əmək rəşadətləri göstərmişdi. Azərbaycan faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr vermişdi. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 650 min oğul və qızını yola salmışdı. Müharibəyə yollanan 650 min Azərbaycan vətəndaşının 420 mini geri qayıtmamışdır. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 130-dan çox Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şərəf” ordeni ilə təltif olunmuş, 170 mindən çox əsgər və zabitimiz isə müxtəlif orden və medallarla təltif edilmişdir.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və başqaları öz şücaətləri ilə xalqımızın tarixinə qızıl hərflərlə yazılmışlar. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılmış 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət göstərərək, adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazmışlar. Partizan hərəkatında iştirak edən soydaşlarımız da saysız-hesabsız qəhrəmanlıqlar göstərmişlər. Faşizmə qarşı mübarizədə azərbaycanlılar döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstərmişdilər. Qısa müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünümüdafiə dəstəsi təşkil olunmuşdu. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynamışdı. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşmüşdü. Azərbaycan Berlinin alınması zamanı Almaniya səmasında cövlan edən 7 min hərbi təyyarənin yanacaq təchizatında da mühüm rol oynamışdı. Respublika iqtisadiyyatının hərbi relslər üzərinə keçirilməsi sahəsində böyük işlər görüldü.
Yüngül və yeyinti sənaye sahələri hərbiləşdirildi. Az vaxt ərzində Bakı şəhəri döyüşən ordunun cəbbəxanasına çevrildi. Böyük çətinliklərə baxmayaraq neftçilərimiz döyüşən ordunu yanacaqla təmin edirdilər. Azərbaycan alimi Yusif Məmmədəliyevin başçılıq etdiyi alimlər qrupu yüksək oktanlı təyyarə benzininin alınması üsulunu kəşf etdilər. Azərbaycanın digər sərvətləri də cəbhə üçün sərf olunurdu. Qadınlar döyüşçülər üçün yundan corab, əlcək, köynək toxuyur, bəzək əşyalarını müdafiə fonduna verirdilər. Kolxozçular ordunu ərzaqla təchiz edirdilər. Taxıl, ət, süd, yağ son damlasınadək cəbhənin ehtiyaclarına yönəlmişdi.
Müharibə bəşəriyyətə çox böyük itkilər bahasına başa gəldi. Təqribən 50 milyon adam həlak olmuşdu. Milyonlarla insan yaralanmış, şikəst olmuş, itkin düşmüş, əsir düşərgələrində işgəncə və zülmlərə məruz qalmışdır. Minlərlə şəhər, kənd, qəsəbə xarabazarlığa çevrilmişdir. Bir daha belə dəhşətli müharibəyə yol verməmək üçün bütün dünya öz qüvvələrini səfərbər etmişdir. Ona görə də Almaniyanın təslim olması günü – 9 may bütün bəşəriyyət tərəfindən faşizm üzərində Qələbə Günü kimi qeyd olunur.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşmışdı. Məhz Ulu Öndərin diqqəti nəticəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqları özlərinə qaytarılmış və 1994-cü ildən başlayaraq ölkəmizdə Qələbə Günü qeyd olunmağa başlanmışdır. Ulu Öndərimizin bu siyasətinin uğurlu davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibə veteranlarına dövlət qayğısını sosial sahədəki fəaliyyətinin əsas istiqamətlərindən birinə çevirib.
Otuz il ərzində Ermənistanın işğalçılıq və soyqırımı siyasətinin acı nəticələrini yaşamış Azərbaycan xalqı 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına və növbəti hərbi təcavüzünə cavab olaraq Vətən müharibəsinə qalxdı. Cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi və tarixi Qələbə qazandı. Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazaraq qalib xalq olduğunu bütün dünyaya sübut etdi, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixi, ata və babalarımızın igidlik, mərdlik, şücaət ənənələri daha da zənginləşdirildi.
Şərəfli döyüş yolu keçmiş Azərbaycan veteranlarını Qələbə günü münasibətilə təbrik edirik. Dünyasını dəyişən igid oğullarımızın xatirəsini isə dərin ehtiramla yad edirik.