GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN KOLLEKTİVİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 98-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR ŞƏHƏR TƏDBİRİNDƏ İŞTİRAK EDİBLƏR

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov və professor-müəllim heyəti Ulu Öndər, müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönmü ilə əlaqədar olaraq şəhərin baş meydanındakı abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönmü münasibəti ilə Gəncə şəhərində ağacəkmə aksiyası da keçirilib. Aksiyada Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Ağacəkmə aksiyasında Heydər Əliyevin əbədiyaşar xatirəsinə ehtiram əlaməti olaraq, havanın oksigen ilə zənginləşməsində xüsusi rolu olan xan çinar, sərv, şamdan ibarət olan 998 ağac əkilib. Aksiya iştirak edən universitet gəncləri ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər.