GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ ASSOSİATİV TƏRƏFDAŞ QİSMİNDƏ ECAR LAYİHƏSİNDƏ İŞTİRAK EDƏCƏKDİR
Gəncə Dövlət Universiteti Bakı Biznes Universitetinin koordinatorluğu ilə Avropa Komissiyasının Erasmus+ proqramı çərçivəsində qalib gəlmiş “Azərbaycanda Rektorlar Konfransı” (ECAR) layihəsininə Assosiativ Tərəfdaş kimi qoşulmaq üçün müraciət etmişdir. Müraciətə münasibət bildirilməsi üçün layihə koordinatorunun və tərəfdaş universitetlərin iştirakı ilə səsvermə keçirilmiş və bütün konsorsium üzvlərindən müsbət səs toplanmış və nəticə barədə koordinator tərəfindən Avropa Komissiyasına məktub ünvanlanmışdır. Avropa Komissiyası tərəfindən müraciətə baxılmış və Gəncə Dövlət Universitetinin layihəyə Assosiativ Tərəfdaş olaraq qoşulmasına müsbət cavab verilmişdir. Bu münasibətlə universitet rəhbərliyi professor-müəllim heyətini və tələbələri təbrik edir, prosesin uğurla başa çatmasında əməyi olan şəxslərə və layihə koordinatoruna öz təşəkkürünü bildirir. Layihənin gələcək fəaliyyətində bütün tərəfdaş universitetlərə uğurlar arzu edir.
Qeyd edək ki, ECAR layihəsinin əsas məqsədi Rektorlar Konfransının yaradılması yolu ilə milli universitetlər və qərar qəbul edənlər arasında güclü şəbəkə və əməkdaşlığı dəstəkləməkdir. Bununla yanaşı, həyata keçirilmək üçün seçilən yanaşma, əsasən təhsil ehtiyaclarına yönəldilmiş müvafiq tərəfdaşlarla işbirliyi çərçivəsini əhatə edir. Layihənin ümumi məqsədi milli inkişaf strategiyalarına uyğun olaraq Rektorlar Konfransı quraraq universitetlər və bütün digər tərəfdaşlar arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir.Bakı Biznes Universitetinin kooordinatorluğu ilə icra olunan layihədə xarici tərəfdaşlar olaraq Fransa Rektorlar Konfransı və Fransa Milli Təhsil Nazirliyinin qurumu olan CIEP təşkilatı, Polşa Rektorlar Konfransı, Belçikadan idarəetmənin inkişaf etdirilməsi sahəsində Avropanın ən böyük təşkilatlarından biri olan EFMD təşkilatı, İsveçdən Kral Texnologiya Universiteti, Litvadan Mykolos Romerius Universiteti və əlaqəli tərəfdaşlar qismində isə Finlandiya, İspaniya, Portuqaliya və Litvanın Rektorlar Konfransı, yerli tərəfdaşlar olaraq isə Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texnologiya Universiteti, Bakı Mühəndislik Universiteti, Naxçıvan Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Odlar Yurdu Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Avrasiya Universiteti, Lənkəran Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dillər Universiteti, Xəzər Universiteti, Azərbaycan Universiteti olmaqla 15 Azərbaycan universiteti yer almışdır. Layihədə eyni zamanda Azərbaycan Respublikası Təhsil Nazirliyi də tərəfdaş olaraq iştirak edir.