Ermənistan öz işğalçı siyasətindən əl çəkmədiy üçün uğursuz dövlətə çevrilib

Son vaxtlar Ermənistanın Azərbaycana qarşı təxribatları müntəzəm xarakter almışdı. Azərbaycana qarşı yönəlmiş açıqlamalar, eyni zamanda, addımlar onu göstərirdi ki, Ermənistan yeni müharibəyə hazırlaşır. Çünki iyul ayında Ermənistan Azərbaycan-Ermənistan sərhədində hərbi təxribat törətmişdir və bu təxribat nəticəsində 13 mülki şəxs və hərbçi həlak olmuşdur. Azərbaycan o zaman düşmənə layiqli cavab verdi, ancaq dövlət sərhədini keçmədi. Ondan sonra avqust ayında bir təxribat qrupu göndərildi, təmas xəttini keçdilər və orada bizim hərbçilərimiz onları tərk-silah etdilər.

Rəsmi İrəvanın səriştəsizliyi və məkrli niyyətləri bu dövləti qaçılmaz məğlubiyyətə uğratdı. Bir il əvvələ qayıdarkən, bütün bu prosesləri, bütün bu hadisələri daha da dəqiq təhlil etmək imkanı yaranır. Görünür ki, Ermənistan rəhbərliyi, hakimiyyətə yeni gəlmiş rəhbərlik hansısa hərbi uğurla da öyünmək istəyirdi, hansısa hərbi uğur əldə etmək istəyirdi. Ancaq hesablamaları çox səhv apardılar, çox böyük xəta törətdilər və bunun nəticəsində acı məğlubiyyətə uğradılar.

Hər bir dövlətin dövlətçilik rəmzlərindən biri də məsuliyyətli davranışdır. Ermənistan bu keyfiyyətdən məhrumdur. Məsuliyyətsiz ölkə siyasi, iqtisadi və istənilən digər əməkdaşlıq istiqamətləri üzrə beynəlxalq münasibətlər sistemində maraqlı tərəfdaş kimi çıxış edə bilməz.

Beynəlxalq vasitəçilər də müharibənin, insan faciələrinin qarşısını ala bilmədi. Əgər Minsk qrupu Ermənistana vaxtında ciddi təzyiq göstərsəydi, təbii ki, Ermənistan məcbur olub işğal edilmiş torpaqlardan çıxacaqdı və belə olan halda müharibəyə ehtiyac qalmazdı. Ancaq onlar bu təzyiqi etmədilər. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən üç dövlət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının daimi üzvüdür. Yəni, onlar dünya miqyasında ən güclü ölkələr sayılır. Beynəlxalq hüququn tələblərinə uyğun olaraq Ermənistana qarşı sanksiyalar tətbiq edilmədi. Beynəlxalq təşkilatların sanksiyaları savaşın qarşısını ala bilərdi. Çünki bu sanksiyalar Ermənistan üçün böyük çətinliklər yaşadacaqdı və onlar məcbur olub bizim torpağımızdan çıxacaqdılar. Rəsmi İrəvan 30 il ərzində münaqişənin sülh yolu ilə həll olunmasından yayınırdı.

Ermənistanın 2018-ci ildə hakimiyyətə gəlmiş yeni rəhbərliyi danışıqlar prosesinə böyük zərbə vurdu. Onların yersiz və çox məsuliyyətsiz açıqlamaları faktiki olaraq müzakirə prosesini iflic etdi. Belə olan halda, Minsk qrupu daha müsbət, daha da cəsarətli addımlar atmalı idi. Onlar isə sadəcə olaraq, buna müşahidəçi kimi yanaşırdılar. Ona görə, İkinci Qarabağ müharibəsinin başlanmasında, əlbəttə ki, ən böyük məsuliyyət Ermənistanın üzərinə düşür.

Minsk qrupuna sədrlik edən ölkələr, onların prezidentləri işğal dövründə bir neçə dəfə çox müsbət açıqlamalar verdilər. Onlardan biri də o idi və açıq bəyan edilmişdi ki, status-kvo qəbuledilməzdir və dəyişdirilməlidir. Azərbaycan bunu çox müsbət qəbul etdi. Bu, uzun illər ərzində gözlənilən bir açıqlama idi. Status-kvonun dəyişdirilməsi işğala son qoyulması demək idi. Ancaq bu açıqlamalardan sonra onlar praktiki addımlara keçmədilər. Ondan da əlavə, bir müddət sonra onlar bu ifadədən də geri çəkildilər və həmsədrlər tərəfindən yeni bir ifadə ortalığa atıldı – status-kvo dayanıqlı deyil. Zaman göstərdi ki, Minsk qrupu, sadəcə olaraq, bu məsələni həll etmək fikrində deyildi. Bu səbəbdən Birləşmiş Millətlər Təşkilatında ölkəmizə qarşı hansısa sanksiya məsələsini ortaya atmaq tamamilə ədalətsizlikdir.

          İndiki dövrdə Azərbaycan ictimaiyyəti Minsk qrupunun fəaliyyətini görmür. Adətən onlar danışıqlar prosesi dövründə gəlirdilər, təkliflər verirdilər, prezidentlər səviyyəsində keçirilən görüşlərin gündəliyini təsbit edirdilər, bizə təkliflər edirdilər ki, hansı məsələlər müzakirə oluna bilər. Hər iki tərəf də razılaşma əsasında bu məsələləri müzakirə edirdi. İndi isə müharibənin bitməsindən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, onlardan hər hansı bir təklif yoxdur.

Otuzillik işğal dövründə, cəmi iki dəfə faktaraşdırıcı missiya göndərildi və məruzə hazırlandı. Ermənilərin bütün cinayətləri məruzədə göstərildi. Sonuncu belə bir missiya təqribən 10 il əvvəl həyata keçirilmişdi. Azərbaycan dəfələrlə Minsk qrupuna, onun həmsədrlərinə müraciət etmişdi ki, yenə də missiya göndərilsin. Çünki orada qanunsuz məskunlaşma aparılırdı, Suriyadan, Livandan, başqa yerlərdən ermənilər gətirilib məskunlaşdırılırdı. Bu, hərbi cinayətdir. Bütün beynəlxalq konvensiyalara görə bu, hərbi cinayət sayılır.

“Dağlıq Qarabağ” münaqişəsi başa çatdı. Artıq bundan sonra “Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi düzgün deyil. Azərbaycan ərazisində belə bir qurum və ya inzibati ərazi yoxdur. Qarabağ zonası var, Şərqi Zəngəzur var. Belə olan halda Minsk qrupunun fəaliyyəti üçün bu gün yeni məsələlər ortalığa çıxmalıdır.

Ermənistan təbliğatının qərəzli və yalan açıqlamaları yeni münaqişələrin yaranmasına yönəlib. Ermənistan ordusunun Rusiya tərəfindən pulsuz silahlandırılması ilə bağlı məlumatlar Rusiya tərəfindən təkzib olunub və yetərincə dəqiq cavab verilib. Bu məsələ artıq gündəlikdən çıxarılıb. Ortalığa atılan bu yalan çox böyük yanlışlıq və məsuliyyətsizlikdir. Erməni lobbisi hər gün, müntəzəm olaraq çalışır ki, Rusiya-Azərbaycan münasibətlərində bir çat yaransın. Onların gündəlik peşəsi Azərbaycanı ləkələmək, Rusiya mediasında Azərbaycan haqqında mənfi imic yaratmaq, Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaqdır. Rusiya-Azərbaycan münasibətləri kifayət qədər yüksəksəviyyəli münasibətlərdir. Ermənistanın mənfur təbliğat cəhdləri onlara uğur gətirməyəcək.

          Bölgədə sülhün təmin olunması üçün Ermənistan-Türkiyə münasibətlərinin normallaşması labüddür. Türkiyənin təklif etdiyi 3+3 platforması bunun ən gözəl yoludur. Ancaq Ermənistan hələ ki, buna razılıq verməyib. Azərbaycan bunu dəstəklədi, Rusiya dəstəklədi, İran dəstəklədi, ancaq Ermənistan bunun əleyhinə çıxır.

Türkiyə, onun Prezidenti və xalqı hər zaman Azərbaycanın yanındadır. Necə ki, savaşın ilk saatlarında Türkiyə Prezidenti bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizə əlavə güc verdi və mənəvi güc verdi. Son illər ərzində biz çox böyük yol keçdik və demək olar ki, münasibətlərimizi ən yüksək zirvəyə qədər qaldırdıq. Türkiyə bizim yanımızda olmaqla, bütün dünyaya mesaj göndərdi ki, qarışmayın, müdaxilə etməyin. Azərbaycan haqq yolundadır və əgər qarışsanız, əgər müdaxilə etsəniz, qarşınızda Türkiyəni görəcəksiniz. Şuşa Bəyannaməsinin imzalanması bizim münasibətlərimizi daha da yüksək səviyyəyə qaldırdı.

Müharibədən sonra onların durumu daha da pisləşdi. Ona görə daim münaqişədə olmaq, qonşularla əsassız, saxta tarix əsasında gələcək əlaqələri planlaşdırmaq çox yanlış bir addımdır. Ermənistan maraqlı olmalıdır ki, ilk növbədə, Türkiyə ilə əlaqələri normallaşdırsın, eyni zamanda, Azərbaycanla münasibətləri normallaşdırsın. Türkiyə və Azərbaycanla öz sərhədlərini müəyyən etsin, delimitasiya, demarkasiya aparılsın.

Azərbaycan strateji nöqteyi-nəzərdən gələcəyə barış prizmasından yanaşır. Biz məsuliyyətli ölkə olaraq, bir daha müharibənin olmasını istəmirik. Hər halda biz müharibəyə başlamayacağıq, əgər Ermənistan tərəfdə revanşist meyillər baş qaldırmasa. Əgər görsək ki, Ermənistanda bizə qarşı hər hansı bir təhdid yaranır, biz o təhdidi məhv etməliyik. Bu, bizim legitim hüququmuzdur. Ancaq bu təhdid olmasa, bizim başqa fikrimiz yoxdur.

Ermənistan kapitulyasiya Bəyanatına imza atmaqla öz üzərinə öhdəliklər götürmüşdür və bu öhdəlikləri məcbur olub yerinə yetirdi. Bu öhdəliklərin yerinə yetirilməsi müharibədən dərhal sonra baş vermişdir. Yəni, o zaman işğal altında olan bölgələrdən erməni qüvvələrinin çıxarılması orada açıq-aydın göstərilirdi və müharibə bitəndən sonra 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonları bizə qaytarıldı.

Noyabrın 9-dan 10-na keçən gecə imzalanmış Bəyanatda göstərilir ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantı olmalıdır. Dəhlizlərin açılması prinsipial məsələdir. Bu bağlantını təmin etmək üçün o qədər də böyük zamana ehtiyac yoxdur. Orada quru yollarla məsafə cəmi 40 kilometrdir. Biz müharibədən sonra keçən bir il ərzində min kilometrdən çox yol çəkdik – həm torpaq yol, həm asfalt yol. İndi orada 40 kilometr yolun açılması böyük problem deyil. Ancaq buna baxmayaraq, aparılan müzakirələr nəticəsiz qalıb. Yəni, Ermənistan 10 noyabr Bəyanatını, onun şərtlərini kobudcasına pozur. Ermənistan rəhbərliyi imzalanmış Bəyanatın bütün müddəalarını yerinə yetirməlidir.

Baş nazir müavinləri səviyyəsində yaradılmış işçi qrup da ilk növbədə, Zəngəzur dəhlizinin açılması ilə bağlı işlər görürdü. Ancaq iyunun əvvəlindən Ermənistan seçkilərə görə bu qrupda öz iştirakını bitmiş hesab etdi. Avqustun ortasında ilk dəfə yenə də bu qrup yığışdı və yəqin ki, gələn ay yenə də yığışacaq. Biz Azərbaycanda indi Zəngəzur dəhlizinin yaradılması ilə bağlı genişmiqyaslı işlərə başlamışıq. Zəngilana həm dəmir yolu çəkilir, həm də avtomobil yolu. İndi hava limanları tikilir.

Müharibə bitər-bitməz vaxt itirmədən Azərbaycan dərhal öz gücünü göstərdi və ərazilərin bərpa olunması işlərini başladı. Çünki bu işləri görmək üçün təkcə pul kifayət etməz. Çünki resurs olmalıdır, kadrlar olmalıdır, heyətlər olmalıdır, texniki imkanlar olmalıdır, səriştə olmalıdır. Biz bütün gücləri səfərbər etdik. Bütün bölgə elektriklə tam təmin ediləcək. Təsadüfi deyil ki, erməni xalqının nümayəndələri artıq bir neçə dəfə bizim Şuşadakı hərbi mövqelərimizə yaxınlaşıb rica etmişdilər ki, onları da bu işlərə cəlb edək. Çünki onlar orada işsiz-gücsüz qalıblar, işsizlik, səfalət və ümidsiz bir vəziyyətdədirlər. Biz buna müsbət baxırıq, ancaq gərək bunun hüquqi tərəfi tam yerinə otursun. Biz orada yaşayan erməniləri öz vətəndaşlarımız sayırıq. Onlar Azərbaycan torpağında yaşayırlar. Qarabağda 25 min erməni yaşayır, onlar da həm inşaat işlərində, həm də bərpa işlərində iştirak edə bilərlər.

Sərhədimizin yaxınlığında İran tərəfindən keçirilən hərbi təlimlər çox təəccüb doğuran məsələdir. 30 illik müstəqillik dönəmində belə hadisələr olmamışdır. Düzdür, hər bir ölkə öz ərazisində istənilən hərbi təlimi keçirə bilər. Bu, onun suveren hüququdur, söz ola bilməz. Ancaq, eyni zamanda, bunu bir zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdır. Nə üçün məhz indi? Nə üçün məhz bizim sərhədimizdə? Bu sualları Azərbaycan ictimaiyyəti verir. Bu sualları dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilərin Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlim keçirilmirdi? Nə üçün bu, biz torpaqları azad edəndən sonra, 30 illik əsarətə, işğala son qoyandan sonra keçirilir? Bu suallar legitim suallardır. Biz istəyirik ki, bölgədə uzunmüddətli əməkdaşlığa zərbə vuran heç bir hal olmasın. Azərbaycan burada da özünü çox məsuliyyətlə aparır, təmkinlə aparır.

Müharibə başa çatandan təxminən 15-20 gün sonra Ermənistandan sülhməramlı qüvvələrin məsuliyyətində olan ərazidən – Laçın dəhlizindən azad edilmiş torpaqlara 62 nəfərdən ibarət bir təxribat qrupu göndərildi. Bu, 10 noyabr Bəyanatına tam ziddir. Azərbaycan Ordusu onları zərərsizləşdirdi və onlar həbs olundular. İndi onlara hərbi əsir deyirlər. Müharibə bitdi, noyabrın 10-da Bəyanat imzalandı. Ondan sonra göndərilən hər hansı bir hərbçi təxribat qrupunun üzvü kimi təsbit edilməlidir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti