TANINMIŞ ALİM “TƏHSİLİN PSİXOPEDAQOJİ PROBLEMLƏRİ” MÖVZUSUNDA MƏRUZƏ İLƏ ÇIXIŞ ETMİŞDİR
Gəncə Dövlət Universitetində Pedaqogika kafedrasının təşkilatçılığı ilə elmi seminar keçirilmişdir.
Seminarda Bakı Dövlət Universitetinin Pedaqogika kafedrasının professoru Hikmət Əbdül oğlu Əlizadə “Təhsilin psixopedaqoji problemləri” mövzusunda məruzə ilə çıxış etmişdir.
Hikmət Əlizadə öz çıxışında təhsilin fəlsəfəsinə əsasən XX yüzillikdə dünya təhsil sistemində baş verən keyfiyyət dəyişikliklərinə diqqəti cəlb etmiş, bu dəyişikliklərin elmi-nəzəri əsaslarını açıqlamışdır. Qeyd etmişdir ki, keçən əsrin ortalarına qədər həyata keçirilən təhsil yaddaş əsaslı idi. Bu yanaşmaya əsasən biliyin mənimsənilməsi təhsilin əsas məqsədi kimi qiymətləndirilirdi. Lakin psixologiya sahəsində böyük praktik əhəmiyyətə malik olan tədqiqatlar təhsilin qarşısına qoyulan məqsədin yenilənməsini şərtləndirdi. J.Piajenin, L.S.Vöqotskinin, A.Maslaunun və başqa tədqiqatlara əsasən təhsil prosesində intellektin inkişaf etdirilməsi zərurətə çevrildi.
Müxtəlif alimlərin (F.Halton, J.Piaje, H.Qardner və b.) tədqiqatlarına əsaslanaraq, intellekt anlayışının mahiyyətini açıqlayan natiq qeyd etmişdir ki, B.Blumun təlim məqsədləri taksonomiyası bu məqsədin reallaşmasına yol açdı və nəticədə fəal təlim meydana gəldi. Fəal təlim təfəkkürün inkişafı istiqamətləndi. Bu yanaşma müəllim-şagird əməkdaşlığına geniş meydan açdı. Fəal təlimin əsas metodları kimi dəyərləndirilən problem situasiyanın yaradılması, dialoq, evristik müsahibə şagirdlərdə fikri əməliyyatların inkişafına xidmət edərək, onları axtarışa sövq etdi. XX əsrin ikinci yarısında V.V.Davıdovun, Ə. Bayramovun, D.Xalperinin, G.Gilfordun, E.Bononun və b. apardığı tədqiqatlar nəticəsində yaradıcı təfəkkür tipi bərqərar oldu. Belə bir dövrdə B.Blumun təlim məqsədləri taksonomiyasının ikinci variantı işıq üzü gördü. Bu taksonomiya şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişafını aktuallaşdırdı. Bunun nəticəsi olaraq, təhsil sistemində interaktiv təlim bərqərar oldu. Əgər fəal təlimdə müəllim-şagird əməkdaşlığı onəmli idisə, interaktiv təlimdə şagird-şagird əməkdaşlığının təşkili müəllimin əsas vəzifəsinə çevrildi. Müzakirə, qrupla iş, rollu oyunlar, layihələr və sair interaktiv təlimin əsas metodları kimi dəyərləndirildi.
Qeyd edilən məsələləri geniş şəkildə izah edən natiq diqqəti professor Əbdül Əlizadənin tədqiqatlarına cəlb edərək, yaradıcılıq qabiliyyətlərinin inkişafında təxəyyülün rolunu göstərdi, yaradıcı təfəkkürün təxəyyülün təkində inkişaf etdiyini vurğuladı. Bu zaman diqqəti Amerika psixoloqu Qodfruanın tədqiqatlarına cəlb etdi, onun tədqiqatları ilə Əbdül Əlizadənin tədqiqatları arasında paralellər apardı, yaradıcılığın şəxsiyyət məkanında inkişaf etdiyini vurğuladı və təlimin şəxsiyyətyönümlü xarakterinin səbəblərini açıqladı.
Çıxışının sonunda natiq dinləyicilərə dərsdə qeyd olunan məsələlərin həll edilməsi üçün şagirdi sevməyin zəruri olduğunu vurğuladı və bu məsələni Rozentalın “Piqmalion məktəbdə” kitabının tezisləri əsasında izah etdi.
Elmi seminarın sonunda natiq dinləyicilərin suallarına cavab verdi.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.