Açıq dərs: Bayramlar və festivallar müasir mədəniyyətin ayrılmaz hissəsi kimi…
Bu gün yurdumuz Azərbaycan beynəlxalq tədbirlər məkanıdır. Ölkəmizin siyasi-iqtisadi qüdrəti artıqca həm beynəlxalq tədbirlərin, həm də müxtəlif bayram və festivalların sayı da artır. Sovet totalitar rejimi dövründə özünün milli bayramlarını belə keçirməkdə müxtəlif qadağalarla üzləşən xalqımız bu gün həmin bayramları bir neçə gün olmaqla, həm də dövlət səviyyəsində böyük təntənə ilə qeyd edir. Bununla yanaşı son illərdə respublikamızın bütün regionlarında həmin bölgənin adət-ənənəsi, milli mətbəxi, yaxud təbii xüsusiyyətlərini, bol nemətlərini nümayiş etdirən müxtəlif adda bir-birindən maraqlı festivallar keçirilir.
İndi böyük fəxr hissi ilə deyə bilərik ki, Qubada“Alma”, Göyçayda “Nar”, Gəncədə “Şərab”, Naxçıvanda “Kətə”, Şəkidə “Şirniyyat”, Qəbələdə “ Klassik musiqi”, Bakıda “Muğam” adı ilə təşkil olunan festivallar ümumxalq şənliyinə çevrilməklə yanaşı, bu cür tədbirlərdə iştirak üçün Azərbaycana gələn çoxsaylı xarici turistlərin də böyük marağına səbəb olur. Digər bir tərəfdən bu cür festivalların qeyd edilməsi xarici turistlərdə Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, əsrarəngiz təbiəti və bol nemətləri haqqında xoş təəssürat yaradır.
Bu fikirlər Universitetin Xarici dillər fakültəsinin təşkilatçılığı ilə “Bayramlar və Festivallar” mövzusunda genişləndirilmiş auditoriya üçün keçirilən seminarda səsləndirilib.
Seminarda universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru dosent Fəxrəddin Məmmədov, Leksika və Ölkəşünaslıq kafedrasının müdiri dosent Sevda Kazımova, ixtisasçı alim və müəllimlər, tələbələr iştirak ediblər.
Tədbiri açan universitetin prorektoru Fəxrəddin Məmmədov bildirib ki, universitetin alimləri və gənc müəllimləri tərəfindən təqdim edilən mövzular istər ixtisasçılar, istərsə də dinləyicilər tərəfindən yüksək dəyərləndirilir.
Xarici dillər fakültəsinin baş müəllimi Aytən Məmmədova Azərbaycanda və digər xarici ölkələrdə keçirilən festivallar haqqında təşkil etdiyi seminarı tələbələrlə diskusiya formasında dinləyicilərə təqdim edib. İctimaiyyət üçün keçirilən açıq dərsdə slaydlardan, video çarxlardan və tədrisin digər elektron vasitələrindən istifadə edilməklə tələbələrlə onların xəyali festivalı mözusunda yarışma təşkil edilib. Yarışmada qalib gələn tələbə, müəllimi tərəfindən hədiyyə ilə mükafatlandırılıb.
Yarışdan sonra ayrı-ayrı festivalların tarixi, növü və onların xalqların mədəni inkişafındakı rolu haqqında ətraflı məlumat verilib.
Festivalın kütləvi bayram, musiqi, teatr, estrada, sirk yaxud kino sənətinə aid nailiyyətlərin nümayişi olduğunu deyən Aytən Məmmədova diqqətə çatdırıb ki, bu gün yeni mədəniyyəti qiymətləndirməyin ən yaxşı üsulu elə həmin mədəniyyəti təmsil edən festivalların birində iştirak etməkdir.
Məlumat verilib ki, Böyük Britaniyada keçirilən ilk festivallar musiqili olublar. 20-ci əsrdən başlayaraq beynəlxalq festivallar populyarlıq qazanıb. SSRİ-də ilk musiqili festivallar 1930-cu illərdə keçirilib. Hazırda dünyada bir çox festival növü var. Onların sırasında dini yaxud mövsümi festivallara da rast gəlinir. Amerikada xalq və küçə yarmarkaları da festival adı ilə tanınırlar.
Ümumiyyətlə festivallar həm iri bağlı məkanlarda, həm də müasir formatda, açıq havada tarla, meydan, park, qəsr və digər görməli yerlərin tarixi interyerlərində keçirilir.
Sonda iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və festivallar haqqında olan seminar dinləyicilər tərəfindən yüksək qiymətləndirilib.