AĞDAMIN İŞĞALINDAN 27 İL ÖTÜR

Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 27 il keçir.

Ağdam rayonu 1993-cü il iyulun 23-də erməni silahlı birləşmələri tərəfindən işğal edilib.

İşğal nəticəsində Ağdam rayonunun 1154 kvadrat kilometr ərazisi Ermənistanın nəzarətinə keçib. 147 min nəfər əhalisi olan Ağdamın yalnız 22,6 faizi Azərbaycanın nəzarətindədir. 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam rayonu ərazisinin böyük hissəsi işğal olunub. Ərazisi 1094 kv.km olan Ağdamın 882 kv.km-i,yəni 77, 4%-ni,  bir şəhər və 80 kəndi işğal olunub. İşğal nəticəsində 128 min insan məcburi köçkün həyatını yaşayır. Onların 17 mini yaşlı nəslin nümayəndəsidir.

Ermənilər Ağdamın işğal olunmuş ərazilərində tarixi abidələri, qəbiristanlıqları, yaşayış obyektlərini, xəstəxanaları, kitabxanaları, məktəbləri, idarə və müəssisələri dağıdıblar. Ağdam uğrunda gedən döyüşlərdə Azərbaycan tərəfi 6 mindən çox şəhid verib. Doğma yurdlarından köçkün düşən rayon əhalisinin əksəriyyəti ölkənin müxtəlif bölgələrinə səpələniblər. Hazırda Ermənistan “Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının və “Mədəni sərvətlərin qeyri–qanuni dövriyyəsi haqqında” Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqda davam edir.

İşğaldan əvvəl Ağdamda 1898 sayda sosial-iqtisadi tikinti obyekti, 17 sənaye, 31 tikinti, 753 ticarət, 397 ictimai iaşə, 220 məişət müəssisəsi, 480 sosial bina, 24 min 446 yaşayış tikililəri, həmçinin 54 məktəbəqədər uşaq, 116 ümumtəhsil müəssisəsi, bir neçə ali məktəb filialı, 13 mədəniyyət evi, muzeylər, 109 mədəniyyət klubu olub. Bu işğal rayona  252 milyon ABŞ dolları dəyərində maddi ziyan vurub.

Ağdam şəhəri, onun qədim keçmişin şahidi olan çox sayda tarixi abidələri, mədəniyyət, memarlıq nümunələri, keçmiş SSRİ-də 1-ci, dünyada 2-ci olan Çörək muzeyi düşmən tərəfindən vəhşicəsinə dağıdılıb.

Ağdam düşmənlə döyüşlərdə 6 min şəhid verib, onlardan 16-sı Milli Qəhrəmandır.