AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ KONFRANS

Gəncə Dövlət Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan elmi konfrans keçirilib.

Tədbir Dövlət Himninin səslənməsi ilə açıq elan edilib.

Tədbiri açan Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva 28 may tarixinin Azərbaycan xalqının dövlətçilik salnaməsinə qızıl hərflərlə yazıldığını bildirib.

1918-ci ilin 28 may tarixində əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik ənənələrində şanlı bir səhifə olduğunu, onun demokratik ənənələrə sadiqliyinin, insanların və millətlərin haqq və hüquqlarına ehtiramın təntənəsi olduğunu vurğulayan Gülsüm Fətliyeva ümummilli lider Heydər Əliyevin Cümhuriyyət ənənələrinin yaşadılması istiqamətində mühüm addımlar atdığını diqqətə çatdırıb.

Prorektor AXC zamanında əsası qoyulan müstəqillik, dövlətçilik ənənələrinin Ümummilli Liderin dərin zəkası, uzaqgörən siyasəti sayəsində davam etdirildiyini və 20-ci əsrin sonlarında ölkəmizin beynəlxalq aləmdə müstəqil, suveren dövlət kimi təşəkkül tapdığını deyib.

Həmçinin Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin dövlət səviyyəsində qeyd edilməsinə dair Sərəncam imzaladığını və bu sərəncamın dövlətçilik ənənələrimizə, tariximizə, milli kimliyimizə diqqətin bariz nümunəsi olduğunu bildirib.

Daha sonra tədbirdə çıxış edən müəllimlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində beynəlxalq aləmdə və regionda baş verən proseslərdən bəhs edərək bildiriblər ki, xalqımızın maarifpərvər ziyalıları, dövrün siyasi xadimləri, yazıçı və şairləri daim milli kimliyimizin, dövlətçilik ənənələrimizin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində gərgin mübarizə aparıblar. Bu mübarizənin nəticəsi olaraq 1918-ci ilin 28 mayında elan olunan Azərbaycan Xalq Cumhuriyyəti tarixin ən çətin dövründə üzərinə götürdüyü şərəfli missiyanı uğurla yerinə yetirib. Qısa zaman kəsiyində milli kadrlar önə çəkilərək ordu quruculuğu istiqamətində mühüm addımlar atılıb və ermənilərin ölkəmizin qərbində, xüsusilə Qarabağ bölgəsində həyata keçirdiyi işğalçılıq siyasətinə son qoyulub və sərhədlərimiz müəyyənləşdirilib.

Bildirilib ki, Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti irqi, milli, dini, sinfi bərabərsizliyi ləğv edib. Bütün vətəndaşların hüquq bərabərliyi təmin olunub. Qadınlara kişilərlə bərabər seçki hüququ verilib. Ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı qəbul olunub, himni və gerbi hazırlanıb. Ana dili dövlət dili elan olunub. Maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib, Azərbaycanın ilk müasir universiteti təsis olunub, təhsil milliləşdirilib, tarixi adlar bərpa edilib. Xarici ölkələrlə qarşılıqlı əlaqələr yaradılmasına başlanıb, humanist və sülhsevər siyasət yürüdülüb. Ölkənin iqtisadi potensialı ixtisaslı kadrlar tərəfindən təhlil olunaraq qısa zaman kəsiyində bu sahədə ciddi inkişafa nail olunub.

Azərbaycanın bolşevik işğalı nəticəsində endirilmiş və bir də 1990-cı ildə istiqlal mübarizəsi meydanlarında görünən üçrəngli bayrağı yalnız ulu öndər Heydər Əliyevin Vətən sevgisi sayəsində yenidən dövlət bayrağı kimi dalğalanmağa başlayıb. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı ilk dəfə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilib, daha sonra müstəqil Azərbaycan Respublikasının bayrağı olub.

Sonda bir daha qeyd edilib ki, Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırılmasının vacibliyini istər çıxış və nitqlərində, istərsə də verdiyi müvafiq sərəncamlarında dəfələrlə xüsusi olaraq vurğulayıb. Prezidentimizin Azərbaycan Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileyləri haqqında verdiyi məlum sərəncamları ilə bərabər, AXC-nin tariximizdə tutduğu yerə və liderlərinə verdiyi böyük qiymətin bariz nümunələrindən biri də Bakıda “İstiqlal Bəyannaməsi” abidəsinin ucaldılması, Azərbaycanın üçrəngli bayrağının şərəfinə Bayraq meydanının inşası və bu meydanda dalğalanan bayrağımızın dünyanın ən uca bayrağı olmasıdır.