Universitetin baza təhsil məktəbində nümunəvi açıq dərs maraqla dinlənilib

Gəncə Dövlət Universitetinin baza müəssisəsi olan M.Mehdizadə adına 4 saylı tam orta məktəbdə Xarici dillər fakültəsinin Qrammatika və ingilis dilinin tədrisi kafedrasının baş müəllimi filologiya üzrə fəlsəfə doktoru Elnarə Abdullayevanın nümunəvi açıq dərsi keçirilib.

Dərsdə orta məktəbin direktoru Əliağa Səfərəliyev, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, Xarici dillər fakültəsinin dekanı Əjdər Əsgərov Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri Mehdi Rəhimov və həmin kafedranın əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Aygün Talıbova iştirak ediblər.

Açıq dərsdə Elnarə Abdullayeva İngilis dilinin fonetikası, səslərin tələffüzü, danışıq üzvlərinin funksiyaları, samit, sonor hərflərin və səslərin xüsusiyyətləri haqqında şagirdlərə ətraflı məlumat verilib.

Mövzuya uyğun olaraq informasiya və kommunikasiya texnologiyalarından, təlimin texniki vasitələrindən geniş istifadə olunub. Dərs fəal (interaktiv) təlimin bir çox metod və üsullarından istifadə olunaraq keçirilib, yeri gəldikcə müəllim auditoriyaya müraciət edərək şagirdlərlə əks əlaqə yaradıb. Şagirdlər verilən sualları fəal şəkildə cavablandıraraq tədris olunan mövzuya böyük maraq göstəriblər.

Dərsin sonunda şagirdlərlə keçirilmiş mövzu ilə bağlı test tapşırıqları həll edilib.