Bahar təravətli Novruz
Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində “Bahar təravətli Novruz” adlı bayram tədbiri keçirilib.
Tədbirdə iştirak edən GDU Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova çıxış edərək bildirib ki, artıq biz Novruz bayramını bütövləşmiş Azərbaycanın vətəndaşları kimi qürurla, fəxarətlə və böyük sevinclə qeyd edirik. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə suverenliyimizin tam bərpasından sonra Novruz tonqalları işğaldan azad edilmiş torpaqlarımızda da yandırılır.
İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Məsim Abadov xalqımızın ən qədim bayramı olan Novruzun qədim ənənələrindən danışıb, bu bayramın özünəməxsus xüsusiyyətlərindən söz açıb. Qeyd edib ki, Novruz bayramı xalqın tarixi keçmişinə sarsılmaz tellərlə bağlılığının rəmzidir.
Bayram tədbirində Kosa və keçəlin şən zarafatları, milli geyimdə olan tələbələrin rəqsi böyük maraqla qarşılanıb.
Daha sonra İqtisadiyyat və idarəetmə fakültəsində bir müddət öncə tələbələr arasında keçirilmiş bilik yarışının qaliblərinin adları açıqlanıb. Yarışın qaliblərinə və onların müəllimlərinə fəxri fərman və təşəkkürnamə təqdim olunub.
Bununla yanaşı GDU Həmkarlar İttifaqı Komitəsinin xətti ilə qalib komandaya pul mükafatı da verilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti









