Konstitutsiya və Suverenlik: İrsdən Zəfərə
Gəncə Dövlət Universitetində Azərbaycan Gənclər Fondunun dəstəyi, Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin təşkilatçılığı ilə “Konstitutsiya və Suverenlik: İrsdən Zəfərə” adlı konfrans keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva qeyd edib ki, Konstitusiya ölkənin hüquqi-siyasi əsaslarını müəyyən edən ali sənəd olmaqla yanaşı, suverenliyin təminatında mühüm rol oynayır. Azərbaycan xalqı tarix boyu öz dövlətçilik ənənələrinə sadiq qalıb, müstəqilliyini qorumaq və möhkəmləndirmək uğrunda ardıcıl mübarizə aparıb.
Daha sonra çıxış edən Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin sədri Əfsələddin Ağalarov bildirib ki, son illərdə Azərbaycanın əldə etdiyi uğurlar, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması Konstitusiyanın prinsiplərinin təcəssümüdür. Bu baxımdan belə konfransların keçirilməsi gənclərin dövlətçilik ənənələrinə bağlılığının gücləndirilməsi, hüquqi biliklərinin artırılması və vətənpərvərlik ruhunda formalaşması baxımından böyük əhəmiyyət daşıyır.
Konfransda çıxış edən Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli vurğulayıb ki, Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də milli iradənin və dövlət müstəqilliyinin rəmzidir. Müasir dövrdə gənclərin düzgün məlumatlandırılması, milli maraqların müdafiəsi və dövlətçilik prinsiplərinin təbliği xüsusi əhəmiyyət daşıyır. O da diqqətə çatdırılıb ki, media nümayəndələri və gənclər bu istiqamətdə daha fəal olmalı, Azərbaycanın əldə etdiyi uğurları beynəlxalq ictimaiyyətə düzgün çatdırılmasına töhfə verməlidirlər.
Daha sonra Gəncə Dövlət Universitetinin Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarlı, Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyev mövzu ətrafında məruzələrlə ilə çıxış ediblər.
Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, verilən suallar cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti







