Böyük Britaniyanın Azərbaycandakı səfiri Gəncə Dövlət Universitetində olub
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fergus Auld Gəncə Dövlət Universitetində olub.
Səfir Fergus Auld universitetin rektoru Yusif Yusibov ilə görüşüb. Görüşdə “British Council” təşkilatının Azərbaycan ofisinin direktoru Nərgiz Hacıyeva, təşkilatın meneceri Nərgiz Əkbərova, Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşları, universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov, İnnovasiyalar Departamentinin şöbə müdiri Razim Əliyev iştirak edib.
Rektor Yusif Yusibov səfir Fergus Auldu salamlayaraq ali təhsil ocağının fəaliyyəti və beynəlxalq əlaqələri barədə məlumat verib. Qeyd edib ki, ali təhsil ocağında hazırda 400-dən çox tələbə ingilis dili üzrə təhsil alır. İqtisadiyyat və idarəetmə, o cümlədən Kimya-biologiya fakülətələrində tədris ingilis dilində aparılır.
Görüşdə universitet tələbələrinin ingilis dili üzrə bacarıqlarının təkmilləşdirməsi mərkəzinin yaradılması və Böyük Britaniyanın ali məktəbləri ilə əlaqələrin qurulmasına dair müzakirələr aparılıb.
Səfir Fergus Auld Gəncə Dövlət Universitetinin fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, uzun illər ərzində Azərbaycan və Böyük Britaniya arasında yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı maraqlara hörmət və təhsil sahəsində əməkdaşlığın yüksək nəticələri var. Kifayət qədər azərbaycanlı Böyük Britaniyada təhsil alıb və almaqda davam edir.
Görüşün sonunda hədiyyələr təqdim edilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti