GDU-da şəhidlərin xatirəsinə həsr olunan bilik yarışı keçirilmişdir

Gəncə Dövlət Universitetinin şəhid məzunları- Elgün Xıdırov və Səməndər İmanovun xatirəsinə həsr olmuş bilik yarışı keçirilmişdir.

   Universitetin Tələbə Elmi Cəmiyyəti və Ekologiya və təbiəti mühafizəsi kafedrasının birgə əməkdaşlığı ilə keçirilən yarışda şəhidlərin xatirəsi yad edilmiş, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

   Tədbirdə universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov, universitetin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə, Botanika kafedrasının professoru Vaqif  Novruzov, Kimya-biologiya fakültəsinin dekanı  İsfəndiyar Alverdiyev, Ekologiya və təbiəti mühafizəsi kafedrasının müdiri Sevda Əhmədova, Kimya kafedrasının müdiri Aynur Məmmədova və tələbələr iştirak etmişlər.

   Universitetin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə Tələbə Elmi Cəmiyyət tərəfindən təşkil edilən yarışı yüksək qiymətləndirmişdir. Prorektor gənclərə şəhidlərimizin keçdiyi şərəfli yolu örnək götürməyi, vətəni onlar kimi sevməyi tövsiyə etmişdir.

    Çıxışlarda yarış iştirakçılarına uğurlar arzulanmış və qeyd edilmişdir ki, belə yarışlar tələbələrin bilik və bacarıqlarının qiymətləndirilməsində mühüm rol oynayır.

     Bilik yarışında tələbələrə III mərhələ üzrə – “İşğal dövründə Qarabağda  yaranan ekoloji problemlər”, “Azərbaycanın ekoloji problemləri və onların həlli yolları”, “Qlobal ekoloji məsələlər” üzrə suallar verilmişdir.

 Yarışda “BİO REMEDİATİON” komandası qalib gələrək kubok qazanmış,  hədiyyə və diplomla təltif edilmişdir. II yerə “VİTAGREEN”, III yerə  “REVERSE OSMOSİS”, IV yerə “RAİNERGY”, V yeri ”ENVİROMENT” komandası çıxmışdır.  Qaliblərə sertifikat təqdim olunmuşdur. 

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti