Dosent Nüyvər Nəsrullayevin açıq dərsi keçirildi
21 aprel 2015-ci il tarixdə Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika fakültəsində açıq dərs keçirildi. Həndəsə və cəbr kafedrasının dosenti Nüyvər Nəsrullayevin açıq dərsi “Dörd nöqtənin mürəkkəb nisbəti” adlı mövzuya həsr edilmişdir.
Kafedra müdiri dosent İlqar Cabbarov giriş sözündə açıq dərsin mahiyyətindən, universitetimizdə bu layihənin icrasına başlanandan sonra fakültədə dərslərin daha keyfiyyətli təşkilinə təsirindən, müəllimlərin məsuliyyət hissini artıraraq öz üzərlərində daha ciddi çalışmalarından bəhs etdi.
Nüyvər müəllim qabaqcıl, təcrübəli pedaqoqdur. Onun özünəməxsus dərs demək üslubu var. Əvvəldən axıra qədər qoyulan problemə yaratdığı maraq Gəncə şəhərində yerləşən universitetlərdən, orta məktəblərdən, kütləvi informasiya vasitələrindən gələn nümayəndələrin, Riyaziyyat-informatika fakültəsinin müəllimlərinin və tələbələrin böyük həvəslə dinləmələrinə səbəb oldu. Çıxış edən yoldaşlar da məhz bu müsbət keyfiyyətlərdən bəhs etdilər.