Elm və Təhsil Nazirliyinin əməkdaşları GDU-nun təcrübəçi tələbələri ilə görüş keçiriblər
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İnsan Resursları şöbəsinin məsul əməkdaşları Tükəzban Quliyeva və Ülvi İsmayılov Gəncə Dövlət Universitetinin təcrübəçi tələbələri ilə görüş keçirib.
Gəncə şəhər Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin Təcrübə və karyera mərkəzində keçirilən görüşdə tələbələrin arzu və təklifləri dinlənilib.
Daha sonra Elm və Təhsil Nazirliyinin əməkdaşları universitetin təcrübəçi tələbələri- Fransız dili ixtisasının IV kurs tələbəsi Şəhrabanı Məmmədova, Təsviri incəsənət müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Esmiralda Hüseynova, Riyaziyyat müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Aqilən Həşimlinin sınaq dərslərində iştirak ediblər.
Dərsdə Elm və Təhsil Nazirliyinin əməkdaşları ilə yanaşı GDU-nun Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov, Gəncə şəhər 39 nömrəli tam orta məktəbin direktoru Nizami Rzayev, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, kafedra müdirləri Mərdan Məmmədov, Məhərrəm Orucov, Sübhiyyə Zeynallı, fənn müəllimləri və təcrübəçi tələbələr də iştirak ediblər.
Dərslər müasir təlim metodlarına uyğun təşkil olunub, dərs prosesində mövzunun materiallarından irəli gələn məsələlər aydınlaşdırılıb, qarşıya qoyulan tələblər lazımınca ödənilib.
Sonda təcrübəçi tələbələrin təqdim etdiyi sınaq dərsləri məqbul qiymətləndirilib. Təcrübəçi tələbələrə köməklik məqsədilə bir sıra metodiki xarakterli məsləhətlər verilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti