“Engage” layihəsi çərçivəsində “İnnovasiyada İspaniya Təcrübəsi” adlı təlim təşkil olunub
Gəncə Dövlət Universitetinin tərəfdaş qismində iştirak etdiyi, Mingəçevir Dövlət Universitetinin isə kordinatorluğunu həyata keçirdiyi “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) Erasmus+ layihəsi çərçivəsində universitet əməkdaşları üçün növbəti təlim sessiyası təşkil olunub.
Təlim zamanı iştirakçılara ENGAGE layihəsinin məqsədləri, əsas fəaliyyət istiqamətləri və gözlənilən nəticələri barədə ətraflı məlumat təqdim edilib. Layihənin ali təhsil müəssisələrində innovasiya və sahibkarlıq mədəniyyətinin formalaşdırılması, eləcə də institusional potensialın gücləndirilməsindəki əhəmiyyəti xüsusi olaraq vurğulanıb.
Təlim proqramı çərçivəsində innovasiya sahəsində İspaniyanın qabaqcıl təcrübələri diqqətə çatdırılıb, bu ölkədə sahibkarlığın və innovativ təşəbbüslərin inkişafına yönəlmiş effektiv modellər barədə məlumat verilib. Eyni zamanda iştirakçılara biznes model anlayışı, biznes modellərinin qurulma prinsipləri, eləcə də “Business Model Canvas” alətinin tətbiqi və praktiki istifadəsi haqqında geniş izahlar təqdim olunub.
Təlim interaktiv müzakirələr və praktiki nümunələrlə davam edib, iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb. Tədbir universitetdə innovasiya yönümlü təşəbbüslərin və sahibkarlıq fəaliyyətlərinin inkişafına töhfə vermək məqsədi daşıyıb.




