GDU-da yaz imtahan sessiyası başlayıb

              İyun ayının 3-dən etibarən Gəncə Dövlət Universitetinin (GDU) bütün təhsil səviyyələrində 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb.  Sessiya iyul ayının 5-dək davam edəcək.  

İmtahan sessiyası Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin “2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinin tələbləri gözlənilməklə təşkil ediləcəkdir.

      Gəncə Dövlət Universitetində imtahan sessiyasının mövcud əsasnamələrə uyğun keçirilməsi və auditoriyalarda imtahanların aparılması üçün lazımi şərait yaradılıb, imtahan sessiyası ilə bağlı bütün texniki və təşkilati işlər vaxtında görülüb, imtahan cədvəlləri təsdiq edilib, hər bir fənn üzrə imtahan sualları vaxtında tələbələrə çatdırılıb.

       İmtahanların gedişinə operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə Universitetdə İmtahan Mərkəzi, İmtahan Qərargahı və Apellyasiya Komissiyası təşkil edilib, auditoriyalara müasir kameralar quraşdırılıb. İmtahanların keçirilməsinə dair təlimat hazırlanıb və GDU-nun rəsmi saytında yerləşdirilib.

     Gəncə Dövlət Universitetində imtahanlar yazılı, şifahi, test üsulu ilə, yaradıcılıq tələb edən ixtisaslarda isə qabiliyyət formasında keçiriləcək.

     Hazırda imtahanlar yazılı və qabiliyyət formasında aparılır. Gün ərzində 2500-ə qədər tələbənin imtahanda iştirak etməsi nəzərdə tutulur. Yazılı formada olan imtahanlar 14 iyun tarixinədək davam edəcək. 20 iyun-5 iyul tarixlərdə isə tələbələr komputerdə test üsulunda  imtahan verəcəklər.

      Yeni kurikulumun pilot layihəsi üzrə hazırlanan Biologiya müəllimliyi ixtisasında təhsil alan tələbələr bir fəndən yazılı, digər fənlərdən isə şifahi formada imtahan verəcəklər.

      Sessiya zamanı üzrlü səbəbdən imtahanda iştirak etməyən və akademik borcu yaranmış tələbələrə 08-16 iyul tarixlərdə təkrar imtahan vermək imkanı yaradılacaq.  

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti