Gəncə Dövlət Universitetində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təqdimat keçirilmişdir
Təhsil Nazirliyinin “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin Gəncə Dövlət Universitetində təqdimatı keçirilmişdir.
Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır. Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq könüllülük və onun yaratdığı imkanlar barədə danışmış, “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi haqqında məlumat vermişdir. Bildirmişdir ki, birliyə könüllü olmaq tələbələrə beynəlxalq idman yarışlarında yaxından iştirak etməyə, tələbəlik həyatını rəngarəng və faydalı keçirməyə, karyera imkanlarını genişlədirməyə imkan verir.
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova həyata keçiriləcək layihələr barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, 23000-dən artıq könüllünü vahid məlumat bazasında birləşdirən və 2015-ci ilin dekabrından fəaliyyət göstərən proqram Azərbaycanda könüllülük fəaliyyətinin istiqamətləndirilməsinə kömək edir.
Görüşdə Gəncə şəhər Gənclər Evinin direktoru Amil Qurbanov çıxış etmiş, tələbələri fəal olmağa səsləmiş, könüllü proqramların onların gələcək karyeralarında müsbət rol oynayacağından söhbət açmışdır.
Təqdimatda həmçinin tələbələr arasında əyləncəli və interaktiv oyunlar keçirilmiş və onlara hədiyyələr verilmişdir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti