GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ KEÇİRİLƏN ONLİNE İCLASDA İMTAHANLARLA BAĞLI QARŞIDA DURAN MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLİB

Gəncə Dövlət Universitetində imtahanlarla  bağlı qarşıda duran məsələləri müzakirə etmək məqsədi ilə online iclas keçirilib.

Online formatda keçirilən iclası açan GDU-nun rektoru professor Yusif Yusibov gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Sonra qlobal pandemiya ilə mübarizə sahəsində ölkəmizdə həyata keçirilən sistemli tədbirlər və Prezident İlham Əliyev tərəfindən atılan qətiyyətli addımlar barədə rektor tərəfindən ətraflı məlumat verilib. Bildirilib ki, COVID-19 infeksiyası ilə mübarizədə ölkəmizdə tətbiq edilən model beynəlxalq ictimaiyyət və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir. Məhz düşünülmüş siyasətin məntiqi nəticəsi olaraq son həftələrdə ölkəmizdə virusa yoluxma sahəsində pozitiv tendensiya müşahidə edilir.

Rektor Yusif Yusibov Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması və həmin rejimlə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” 2020-ci il 1 may tarixli Qərarının detalları barədə danışıb. Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə” eyni tarixli Sərəncamı barədə də məlumat verib. Gəncə şəhərində xüsusi karantin rejiminin yumşaldılmasına da toxunan rektor Yusif Yusibov GDU-da onlayn (“Microsoft Teams” və “ZOOM” platformaları üzərindən) və oflayn (videodərslər vasitəsilə) dərslərin davam etdirilməsi istiqamətində həyata keçirilməli olan tədbirlər barədə danışıb.

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin 2020-ci il 1 may tarixli birgə məlumatı da diqqətə çatdırılıb və yaxın günlərdə Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrində yay imtahan sessiyalarının təşkili haqqında konkret təlimatın veriləcəyi bildirilib.

Sonra rektor Yusif Yusibovun iclasda 2019-2020-ci tədris ilində dövlət imtahanlarına və magistr dissertasiyalarının müdafiəsinə hazırlığın vəziyyəti, qiyabi şöbədə yaz semestrinə hazırlığın vəziyyəti və GDU-da kommunikasiyanın təşkili barədə məlumatları dinlənilib. Müzakirə olunan məsələlərlə bağlı fakültə dekanlarına, kafedra müdirlərinə və Tədris şöbəsinə müvafiq tapşırıqlar verilib.

Cari məsələlərlə bağlı – təhsil haqqı, akademik borcların ləğvi, onlayn tədris prosesinin keyfiyyət monitorinqinin gücləndirilməsi, kafedralarda həyata keçirilən elmi tədqiqat fəaliyyətinin əlaqələndirilməsi və digər mövzularda müzakirələr aparılıb.

MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ