GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ ONLİNE İCLAS TƏŞKİL OLUNUB

Online formatda keçirilən iclası açan GDU-nun rektoru professor Yusif Yusibov ölkə ərazisində gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Daha sonra rektor Yusif Yusibov qeyd edib ki, 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirilib. Qlobal pandemiyanın dünyanın bütün ölkələrinə mənfi təsir etdiyi bir dövrdə irəli sürülən bu təşəbbüs qlobal əməkdaşlıq çərçivəsində problemin həll yolunu tapmağa yönəlib.

İclasda həmçinin, aprelin 10-da videokonfrans vasitəsilə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) koronavirus pandemiyası ilə mübarizə mövzusuna həsr olunmuş fövqəladə Zirvə görüşündə Prezident İlham Əliyevin pandemiyanın yayılmağa başladığı ilk gündən bəri hökumətin əsas məqsədinin insan sağlamlığının və sosial müdafiənin qorunmasının təmin edilməsindən ibarət olduğu diqqətə çatdırılıb.

Rektor Yusif Yusibov bildirib ki, Qoşulmama Hərəkatınında Azərbaycan Respublikasının Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi səfir Vaqif Sadıqov və ÜST-ün Baş direktoru Tedros Qebreyesus tərəfindən imzalanmış Donor Sazişi Azərbaycan tərəfindən ÜST-ün “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılmasını və bu vəsaitin Azərbaycanla razılaşdırmaqla ən çox köməyə ehtiyacı olan Afrika, Asiya və Latın Amerikasında yerləşən Qoşulmama Hərəkatının üzv dövlətləri üçün istifadə edilməsini nəzərdə tutur.

Qlobal həmrəyliyin təmsilçisi rolunda çıxış edən Azərbaycanın təşəbbüsü ilə ard-arda iki mötəbər tədbirin təşkili ölkəmizin qlobal pandemiya ilə mübarizədə dünya dövlətlərini səfərbər etmək niyyətinin xoş təzahürü və beynəlxalq əməkdaşlığa töhfəsidir. Təmas Qrupunda coğrafi təmsilçilik və könüllü iştirak əsasında bütün regional qruplardan ölkələr təmsil olunublar. Koronavirus pandemiyasının ümumi bəlaya çevrildiyi bir vaxtda Azərbaycan Zirvə görüşünü təşkil etməklə hər zaman bir-birinə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqını bir araya gətirməyə nail olub. Avropa İttifaqının rəsmisinin Zirvə görüşündə iştirakı və çıxışı Qoşulmama Hərəkatının tarixində ilk dəfədir ki, baş verirdi. Bütün bunlar Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin nəticəsidir. Qlobal həmrəyliyə və liderliyə ehtiyac duyulan bir şəraitdə Azərbaycan Prezidenti “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini bildirdi. Azərbaycan bir daha təsdiq etdi ki, hərəkata sədrliyi öz üzərinə götürərkən verdiyi vədlərə qətiyyətlə əməl edir.

Qırxdan çox üzv ölkənin dövlət və hökumət başçılarının, Xarici İşlər nazirlərinin, BMT Baş Assambleyası prezidentinin, Afrika İttifaqı sədrinin, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirak etdikləri Qoşulmama Hərəkatının Təmas Qrupunun Zirvə toplantısı bir daha Azərbaycana etimadın göstəricisidir.

Aparılan islahatların nəticəsidir ki, Azərbaycan bugünkü gündə COVID-19 pandemiyası ilə mübarizədə digər ölkələrə nümunə göstərir. Ölkəmizdə vaxtında qabaqlayıcı tədbirlərin görülməsi və düşünülmüş siyasət nəticəsində vəziyyət nəzarətdə saxlanıldı və xalqımız böyük itkilər yaşamadı. Vaxtında həyata keçirilən kompleks və qabaqlayıcı tədbirlər öz müsbət nəticəsini verdi. Dəstək proqramı çərçivəsində vətəndaşların məmnunluğu və iqtisadiyyatın dayanıqlığı nəzarətdə saxlanıldı.

Rektor Yusif Yusibov diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə müxtəlif sahələrdə islahatlar həyata keçirilir. Bu islahatlar xalqın rifahının yaxşılaşdırılmasına, sosial dövlətin inkişaf etdirilməsinə və ölkəmizin inkişafına təkan verir. İslahatlar yalnız sosial-iqtisadi sahələri əhatə etmir, eyni zamanda, struktur dəyişikliklərini də qaçılmaz edir. Nəticə etibarı ilə Prezident Administrasiyasında, Nazirlər Kabinetində çox ciddi islahatlar aparıldı və həmin islahatların məntiqi davamı olaraq Milli Məclisdə analoji islahatlara başlandı.

Cənab Prezident islahatların həyata keçirilməsi ilə yanaşı, korrupsiyaya və digər mənfi əməllərə qarşı qətiyyətli mübarizənin anonsunu da verdi və ilkin olaraq bütün vəzifəli şəxslərin bu əməllərdən çəkinməsini tələb etdi. Belə deyə bilərik ki, ilk növbədə, humanist qərar qəbul edildi və xoşagəlməz hallara birmənalı şəkildə son qoyulması tapşırıldı. Lakin bəzi məmurlar, xüsusilə yerli icra hakimiyyətinin başçıları bu tənqidlərdən nəticə çıxarmayaraq, rəhbərlik etdikləri rayonların paytaxtdan uzaq olduğunu düşünərək yerli əhalini incitməkdən çəkinmədilər.

Ölkə başçısı daim vurğulayır ki, dövlət qulluqçuları xalqın xidmətçiləri olmalıdırlar. Amma bəzi sabiq icra hakimiyyəti başçıları bu tövsiyədən nəticə çıxarmadılar və təbii ki, belə olan halda dövlət başçısı tərəfindən qətiyyətli mövqe nümayiş etdirildi. İlkin olaraq Ağstafa RİH-in və Yevlax RİH-in sabiq başçılarına qarşı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən çox uğurlu əməliyyatlar həyata keçirildi və nəticədə onların rüşvət alması təkzibolunmaz sübutlarla təsdiqləndi və barələrində əsaslı olaraq cinayət işi başlandı, məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildi.

Rektor bildirib ki, növbəti analoji hallar Neftçala, Biləsuvar və son olaraq İmişli rayonlarında yaşandı. Bu üç rayonun başçıları tərəfindən onlara göstərilmiş etimaddan sui-istifadə edərək korrupsiya cinayətləri törədildiyi sübut olundu. Onların törətdikləri digər cinayətlərə baxanda, həvalə edilmiş vəzifəyə qarşı kobud münasibətləri aşkar görünür. Ölkə başçısının “Biz birlikdə güclüyük!” şüarına qoşularaq gözəgörünməz düşmənə – koronavirus təhlükəsinə qarşı səfərbər olduğumuz bir vaxtda təəssüf ki, məmurlar xalq-iqtidar birliyini pozmağa və yerlərdə narazılıqlar yaratmağa cəhd edirlər.

Sabiq yerli icra hakimiyyəti başçıları yalnız sosial müdafiəyə ehtiyacı olan şəxslərin əməkhaqqı kartlarını mənimsəməklə kifayətlənməmiş, yerlərdə kiçik bir “rüşvət” şəbəkəsi quraraq rayonda olan təhsil, səhiyyə və maliyyə sahələrinin hər birini korrupsiya bataqlığına çəkmiş və nəticədə cəzalanmışlar.

Rektor qeyd edib ki,  vəzifədə olan şəxs ona göstərilən etimaddan sui-istifadə etməz, əhalinin sosial rifahını yaxşılaşdırmağa hesablanmış, aztəminatlı təbəqə üçün ictimai iş yerlərinin yaradılması məqsədilə ayrılmış pula göz dikməz, pandemiya dövründəki bu çətin vəziyyətdə kasıb təbəqəyə çatacaq ərzağı öz qohumlarına göndərməz, habelə aztəminatlı ailələrin adına maddi yardımlar yazaraq onu özü mənimsəməz. Əlbəttə, bu cür mənfi əməllər törədən vəzifəli şəxslər ölkəmizdə tez bir zamanda ifşa edilir və qanun qarşısında mühakimə olunur, ictimaiyyətə də ətraflı məlumat verilir.

Sonda rektor onu da vurğulayıb ki, bu günlərdə Prezident yeni təyin etdiyi Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən bildirib ki, bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin. Dövlətimizin başçısının bu çıxışını əsas tutularaq, bütün vəzifəli şəxslər cənab Prezidentin apardığı islahatlara dəstək verməli, üzərlərinə qoyulmuş vəzifələri dərk etməli, öz işlərində qanunu və qanunçuluğu əsas tutmalı, mənfi tendensiyalara imkan verməməli, rüşvət və korrupsiyadan uzaq durmalıdırlar.

MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ