Azərbaycan–Vyetnam münasibətləri geniş regional əməkdaşlıq perspektivi qazanır
Müasir beynəlxalq münasibətlər sistemində baş verən geosiyasi dəyişikliklər dövlətləri xarici siyasət prioritetlərini yenidən nəzərdən keçirməyə, yeni tərəfdaşlıqlar qurmağa və iqtisadi əlaqələrin coğrafiyasını genişləndirməyə sövq edir. Belə bir şəraitdə Azərbaycanla Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən ölkələrindən biri olan Vyetnamın münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməsi xüsusi siyasi və iqtisadi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq təkcə ikitərəfli əlaqələrin inkişafı deyil, həm də Azərbaycanın Asiya istiqamətində xarici siyasət imkanlarının genişləndirilməsi baxımından mühüm addımdır.
Azərbaycanın xarici siyasət strategiyasının əsas xüsusiyyətlərindən biri müxtəlif regionlarla qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin qurulması, beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi və milli maraqlara uyğun yeni iqtisadi imkanların yaradılmasıdır: Bu baxımdan Vyetnamla münasibətlər xüsusi perspektiv vəd edir. Sürətli iqtisadi inkişafı, sənaye potensialı, geniş istehsal imkanları və beynəlxalq ticarətdə artan çəkisi ilə seçilən Vyetnam Azərbaycanın Cənub-Şərqi Asiya bazarlarına çıxışı üçün mühüm tərəfdaşdır. Azərbaycan isə öz növbəsində Avropa ilə Asiya arasında yerləşən strateji coğrafi mövqeyi, enerji resursları və inkişaf etmiş nəqliyyat infrastrukturu ilə Vyetnam üçün cəlbedici əməkdaşlıq imkanları təqdim edir.
Əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri enerji sektorudur. Azərbaycan uzun illər ərzində formalaşdırdığı neft-qaz təcrübəsi, enerji infrastrukturu və beynəlxalq bazarlara çıxış imkanları ilə Vyetnam üçün əhəmiyyətli tərəfdaş ola bilər. SOCAR və “PetroVietnam” arasında imzalanmış Anlaşma Memorandumu bu sahədə yeni əməkdaşlıq imkanlarının yaranmasına xidmət edir. Burada söhbət yalnız neft-qaz hasilatından deyil, həm də kəşfiyyat, texnologiya mübadiləsi, kadr hazırlığı və birgə investisiya layihələrindən gedir. Eyni zamanda, qlobal enerji keçidinin sürətləndiyi bir dövrdə bərpaolunan enerji sahəsində əməkdaşlıq iki ölkənin gələcək iqtisadi prioritetlərini uzlaşdırmaq baxımından xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan–Vyetnam münasibətlərinin digər mühüm istiqaməti nəqliyyat və logistika sahəsidir. Hazırda beynəlxalq ticarət marşrutlarının şaxələndirilməsi, təchizat zəncirlərinin təhlükəsizliyi və alternativ nəqliyyat dəhlizlərinin inkişafı qlobal iqtisadiyyatın əsas məsələlərindəndir. Azərbaycanın fəal iştirakçısı olduğu Orta Dəhliz Vyetnam məhsullarının Avropa bazarlarına çatdırılması, eyni zamanda, Azərbaycan vasitəsilə yeni ticarət əlaqələrinin qurulması üçün əlverişli imkanlar yaradır. Bu əməkdaşlıq Azərbaycanın tranzit ölkə statusunu gücləndirməklə yanaşı, Vyetnam şirkətlərinin Avrasiya məkanında fəaliyyət coğrafiyasını genişləndirə bilər.

