GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ ƏMƏKDAŞLARI BEYNƏLXALQ FORUMDA
5-6 may 2022-ci il tarixlərində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı ilə Baku Marriott Boulevard Hoteldə “Ali təhsildə keyfiyyət təminatı” adlı Beynəlxalq Forum keçirilib. Forumun məqsədi ali təhsildə daxili və xarici keyfiyyət təminatı, tədqiqat potensialının inkişafı, eləcə də ali təhsil müəssisələrinin əmək bazarı ilə əlaqələndirilməsi məsələlərinin müzakirəsi olub.
TKTA-nın İdarə Heyətinin sədri Ülkər Səttarova Agentlik tərəfindən keyfiyyət təminatı istiqamətində görülən işlər, əldə edilən nəticələr və gələcək planlar haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev Azərbaycan təhsil məkanında Boloniya prosesi çərçivəsində həyata keçirilən islahatlar və ali təhsilin keyfiyyətinin artırılması haqqında görülən işlərdən danışıb. Bununla yanaşı nazir qarşıda duran hədəflərdən biri olan Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təmin olunması üzrə Avropa Standartları və Təlimatlarının (ESG) tətbiqi və Avropa Ali Təhsil Məkanında Keyfiyyətin Təminatı üzrə Assosiasiyaya (ENQA) tam hüquqlu üzvlük, eləcə də qeyd edilən istiqamət üzrə milli agentliklərlə əməkdaşlıq və təcrübə mübadiləsinin vacibliyini xüsusi vurğulayıb.
İki gün davam edən Forumda panel müzakirələri və vorkşoplar zamanı Latviyanın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (ACA / AIKA) sədri Jolanta Silka, Birləşmiş Krallığın Ali Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (QAA) direktoru Vicki Stott, Niderland Krallığı və Flandriya Akkreditasiya Təşkilatının (NVAO) direktoru Luut Kroes və Ali Təhsildə Keyfiyyət Təminatı Agentliklərinin Mərkəzi və Şərqi Avropa Şəbəkəsinin (CEENQA) vitse-prezidenti Olgun Çiçek, Türkiyə Respublikasının Ali Təhsildə Keyfiyyət Təminatı Şurasının (YÖKAK) sədri Muhsin Kar, Qazaxıstan Respublikasının Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentliyinin (IAAR) direktoru Alina Zhumaqulova ali təhsildə daxili və xarici keyfiyyət təminatı sisteminin Avropa ali təhsil məkanında keyfiyyət təminatı üzrə standartlar və təlimatlara (ESG) uyğun təşkil edilməsi, ATM-lərin beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılmasında xarici keyfiyyət təminatının rolu və digər bu kimi məsələlərə toxunublar.
Forumun ikinci günündə ali təhsil müəssisələrinin nümayəndələri (daxili keyfiyyət təminatı strukturunun əməkdaşları, dekan, tədris şöbələrinin müdirləri və s.) üçün beynəlxalq ekspertlər tərəfindən praktik vorkşoplar keçirilib.
“Ali təhsildə keyfiyyət təminatı” adlı Beynəlxalq Forumda Gəncə Dövlət Universitetinin Keyfiyyətin Təminatı Mərkəzinin müdiri İsmayıl İsmayılov və Tədris Departamentinin müdiri Elturan Yisifov iştirak edib. Əməkdaşlarımız vorkşoplarda universitetimizdə görülən işlərdən danışmış və müzakirələrdə yaxından iştirak ediblər.