Gəncə Dövlət Universiteti “Erasmus+ DIRNA” layihəsinin təlimində təmsil olunub
Gəncə Dövlət Universiteti tərəfdaş olduğu “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf etdirilməsi” (DIRNA) adlı “Erasmus+” layihəsi çərçivəsində İtaliya Respublikasının Laquila şəhərində təlim proqramında təmsil olunub.
Xəzər Universitetinin koordinatorluğu ilə davam edən layihə çərçivəsində Türkiyədə İzmir Yüksək Texnologiya İnstitutunun, Azərbaycanda tərəfdaş ali təhsil müəssisələrindən – Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Dövlət Gömrük Komitəsinin Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetinin əməkdaşları təlimdə iştirak ediblər. Gəncə Dövlət Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov təlimdə layihə komandasının üzvü qismində iştirak edib.
Təlim proqramına əsasən Laquila Universitetinin rəhbər işçiləri və əməkdaşları tərəfindən İnstitutun tədqiqat ekosistemi, korporativ arxiv və tədqiqat məlumat sistemi, texniki infrastruktur, açıq elmə ümumi baxış, İtaliyada açıq elmin, korporativ arxivlərin inkişafı, Avropa Açıq Elm Buludu, “OpenAIRE” servisi və xidmətləri, metaməlumatların keyfiyyəti, tədqiqat məlumatlarının idarə edilməsi kimi mühüm istiqamətlərdə təqdimatlar nümayiş edilib. Həmçinin layihə üçün infrastrukturun qurulması, sistemin tətbiqi zamanı beynəlxalq protokol və standartlardan istifadə istiqamətində müzakirələr aparılıb.
Təlim proqramı çərçivəsində nümayəndələr universitetin kitabxanası ilə yaxından tanış olublar.
Sonda iştirakçılara sertifikatlar təqdim edilib.
Məlumat üçün bildirək ki, 2023-2026-ci illəri əhatə edən “Erasmus+ DIRNA” beynəlxalq konsorsiumu İzmir Yüksək Texnologiya İnstitutu, Laquila və Jyvaskyula Universitetlərinin iş paketinə uyğun olaraq təşkil olunan təlimlərin məqsədi Azərbaycanın konsorsiumda tərəfdaş hüququ əldə etmiş ali təhsil müəssisələrində tədqiqat nəticələrinin idarə edilməsinin təkmilləşdirilməsi, keyfiyyətli elmi tədqiqatların təbliğinin artırılması, tədqiqat nəticələrinə rahat çıxışın dəstəklənməsi üzrə xarici təcrübənin öyrənilməsidir.
Qeyd edək ki, layihə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilir. Bununla belə, ifadə edilən fikirlər və mülahizələr yalnız müəlliflərə aiddir, Aİ-nin və ya Avropa Təhsil və Mədəniyyət üzrə İcraçı Agentliyinin (EACEA) fikirlərini əks etdirmir, Aİ və EACEA onlara görə məsuliyyət daşımır.