Dünya şöhrətli alim Vaqif Abbasova Gəncə Dövlət Universitetinin Fəxri doktoru diplomu təqdim olunub

Gəncə Dövlət Universitetində AMEA-nın həqiqi üzvü, dünya şöhrətli alim Vaqif Abbasova GDU-nun Fəxri doktoru diplomu təqdim olunub.

Tədbirdən öncə universitetin foyesində Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyev və torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov çıxış edərək  ali təhsil ocağında qonaq olduğuna görə akademik Vaqif Abbasova təşəkkürünü bildirib və neft kimyası sahəsində tanınmış alimin GDU ilə sıx elmi əlaqələrindən, gənc elmi-pedaqoji kadrların hazırlanmasında xüsusi xidmətlərindən, universitet kitabxanasının zənginləşdirilməsində və müxtəlif akademik konfransların keçirilməsində böyük  dəstəyindən danışıb. Rektor universitet Elmi Şurasının qərarı ilə Azərbaycan kimya elminin inkişafındakı nailiyyətlərinə, elmi-pedaqoji kadrların hazırlanmasında xüsusi roluna, universitetimizlə səmərəli əməkdaşlığına və əvəzsiz xidmətlərinə görə alimə  GDU-nun fəxri doktoru adının verildiyini söyləyib.

Tədbirdə akademikin həyat və fəaliyyəti, tədqiqat istiqamətləri, elmə verdiyi töhfələr haqqında ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, dünya şöhrətli alim, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasovun elmi fəaliyyətinin əsas istiqaməti Azərbaycanın unikal neftlərinin tədqiqi, onların yeni emal proseslərinin yaradılması, nitrobirləşmələrin, metal komplekslərinin, yüksək molekullu aminlərin, amin kompleks­lərinin və çoxfunksiyalı antistatik aşqarların, inhibitorların, inhibitor-bakterisidlərin, konservasiya mayelərinin və sürtkülərinin yaradılması və onların təsir mexanizminin tədqiqi kimi problemlərin həllinə həsr olunmuşdur. İlk dəfə olaraq, alim V.M.Abbasov üzvi nitrobirləşmələrin metal kompleksləri əsasında antistatik aşqarların sintezinin elmi əsaslarını işləyib hazırlamış və bu sahədə yeni elmi istiqamət yaratmışdır. Akademikin neft kimyası sahəsində apardığı tədqiqat işlərindən biri, dünyada analoqu olmayan müalicəvi Naftalan neftinin tədqiqinə həsr olunmuşdur. İlk dəfə olaraq alimin yaratdığı texnologiya əsasında Ağ Naftalan mazının istehsalı üçün texniki standartları Respublika Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş və “Ağ Naftalan yağı” Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən dərman preparatı kimi qeydiyyata alınmışdır. Həmçinin “Ağ-Naftalan yağı” Səudiyyə Ərəbistanında kosmetik vasitə kimi qeydə alınmışdır. Hazırda “Ağ-Naftalan yağı” Azərbaycanın dərman bitkilərinin yağları əsasında yeni 7 dərman vasitəsi işlənib hazırlanıb.

Tədbirdə o da diqqətə çatdırılıb ki, akademik Vaqif Abbasov yüksək ixtisaslı kadrların hazırlanması sahəsində böyük iş aparır. Onun rəhbərliyi ilə 41 fəlsəfə doktoru və 14 elmlər doktoru müdafiə etmişdir. Professor həm də böyük elmi-təşkilati və ictimai işlər aparır, elmlər doktorluğu və fəlsəfə doktorluğu dissertasiyalarının müdafiəsi üzrə ED 1.16 dissertasiya şurasının sədridir.  Görkəmli alim 1590 əsərin, 91 patent və müəlliflik şəhadətnaməsinin, 6 ixtiraya dair iddia sənədinin, 647 elmi məqalənin, 645 tezisin, 84 publisistik məqalənin, 9 monoqrafiyanın, 24 dərslik, 23 dərs vəsaitinin, 23 publisistik kitabın, 18 elmi kitabın müəllifi, 20 kitabın redaktorudur.  Elm və təhsilin inkişafı sahəsində səmərəli fəaliyyətinə görə ölkəmizdə, Türkiyədə, Rusiyada və Avropada böyük mükafatlara, ordenlərə və fəxri adlara layiq görülmüşdür.

Akademik Vaqif Abbasov “Azərbaycanda neft-kimya elminin inkişafındakı uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respub­likası Prezidentinin fəxri diplomu”na layiq görülmüş və “Şöhrət” ordeni ilə təltif olmuşdur.

Tədbirdə akademik Vaqif Abbasova GDU-nun Fəxri doktoru diplomu  və mantiya təqdim edilib.

Tanınmış alim Vaqif Abbasov GDU rəhbərliyinə təşəkkürünü bildirib və Gəncə Dövlət Universitetinin Fəxri doktoru adının verilməsini yüksək dəyərləndirib, elmi-pedaqoji kadrların hazırlanmasında, universitet kitabxanasının zənginləşdirilməsində  və ustad dərslərinin keçirilməsində  bundan sonra da dəstək göstərəcəyini bildirib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti