Akademik Vaqif Abbasov Gəncə Dövlət Universitetində ustad dərsi keçib

AMEA-nın həqiqi üzvü, neft kimyası sahəsində tanınmış alim, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasov “Qlobal ekoloji problemlər: səbəblər, həll yolları, “yaşıl” enerji” mövzusunda Gəncə Dövlət Universitetində ustad dərsi keçib.

Ustad dərsində GDU-nun professor-müəllim heyəti, tələbələr və AMEA-nın Gəncə Bölməsinin akademik heyəti iştirak ediblər.

 Akademik Vaqif Abbasov qlobal iqlim dəyişmələrinin həlli yollarından ətraflı bəhs edib. Diqqətə çatdırıb ki, ekoloji tarazlığın qorunub saxlanması, təbii ehtiyatlardan rasional istifadə, su, torpaq və atmosfer havasının çirklənmədən mühafizə edilməsi ümumbəşəri problemə çevrilmişdir. Dünyada demoqrafik artımla yanaşı istehlakın kəskin artması, qlobal istiləşmə, ozon qatının zədələnməsi, təbii ehtiyatların tükənməsi kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı düşüncə və fəaliyyətlərə də öz təsirini göstərmişdir.

Tanınmış alim ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, yaşıl iqtisadiyyat və davamlı inkişaf, su ehtiyatlarının idarə olunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər, Azərbaycan Respublikasının ekoloji vəziyyəti, istehsalat və məişət tullantılarının idarə olunması, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsindən bəhs edib. 

 Sonda iştirakçıların sualları cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti