GDU-da 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib

Gəncə Dövlət Universitetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.

    Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətən uğrunda canlarından keçmiş şəhidlərin və soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

     Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva giriş sözü ilə çıxış edərək ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım haqqında danışıb. Bildirib ki, tarix boyu təcavüzkar siyasət yeridən, “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırıma məruz qoymuş, əzəli torpaqlarımızı zəbt etməyi məqsədlərinə çevirmişlər. 1918-ci ilin mart günlərindəki qırğınlar zamanı ermənilər üç gün ərzində Bakıda minlərlə soydaşımız vəhşicəsinə qətlə yetirmiş, sonrakı günlərdə  Bakı və Gəncə quberniyalarında, Quba, Xaçmaz, Şamaxı, Lənkəran, Muğan qəzalarında və digər bölgələrdə də qanlı faciələr törədilmişdir. 

         Tədbirdə Sosial fənlər kafedrasının müdiri Cavid Bağırzadə “Zəngəzurda erməni vəhşilikləri”, Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev “Soyqırımın  tarixi  kökləri”, Azərbaycan və dünya ədəbiyyatı  kafedrasının baş müəllimi  Həmid Abbasov “Heç vaxt  unutmayacağımız qanlı tarix”,  Azərbaycan dili kafedrasının müəllimi  Ayşən Nəbiyeva “Qəlbimizdə əbədi iz qoyan tarix”,  Filologiya fakültəsinin tələbəsi Səma Abbasova  “31 Mart – yaddaşımızdan  silinməyən gün” mövzusunda məruzə ilə çıxış ediblər.    

      Tədbirdə çıxış edənlər onu da qeyd edib ki, 1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla ilk dəfə bu hərbi cinayətə siyasi-hüquqi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması faktları bütün dünyaya bəyan edilib. Hazırda isə Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni təcavüzünün nəticələrinin aradan qaldırılması, respublikamızın ərazi bütövlüyünün təmin olunması, aparıcı dünya dövlətləri və nüfuzlu beynəlxalq dairələr tərəfindən ölkəmizin ədalətli mövqeyinin etiraf olunması və müdafiəsi istiqamətində ardıcıl işlər aparılır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti