Gəncə Dövlət Universitetində IV “Maarifçi” tələbə-məzun təcrübə proqramı ilə bağlı infosessiya keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən IV “Maarifçi” tələbə-məzun təcrübə proqramına dair Gəncə Dövlət Universitetində infosessiya keçirilib.

Tədbirdə rektorun baş müşaviri Asif Cavadov, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları Şəbnəm Quliyeva  və Fidan İsmayılzadə, GDU-da bakalavriat və magistratura səviyyələri üzrə təhsil alan tələbələr iştirak ediblər.

Rektorun baş müşaviri Asif Cavadov tədbiri giriş sözü ilə açaraq bildirib ki, “Maarifçi” tələbə-məzun təcrübə proqramının məqsədi elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənməsi, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək olmaqdır. 

Tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları Şəbnəm Quliyeva  və Fidan İsmayılzadə tələbələrə proqrama müraciət və seçim prosesi, müraciət şərtləri, seçimin mərhələləri,  iştirakçılara təqdim olunan imkanlar barədə ətraflı məlumat veriblər.  Qeyd olunub ki, Azərbaycan Respublikasının vətəndaşı olan bakalavriat səviyyəsi üzrə sonuncu kurs tələbələri, magistratura səviyyəsində təhsil alanlar, son 3 il ərzində məzun olmuş şəxslər proqrama müraciət edə bilərlər. Proqramda iştirak üçün seçilmiş şəxslər Elm və Təhsil Nazirliyinin müxtəlif struktur bölmələri, tabe qurumlarının müxtəlif struktur bölmələri, regional təhsil idarələrində təcrübə keçmək imkanı əldə edəcəklər.

O da diqqətə çatdırılıb ki, IV “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat linki (https://anket.edu.az/user/309) 31 mart 2026-cı il tarixindək aktivdir.

İnfosessiya tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib. 

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti