GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ NARKOMANİYA VƏ ONUNLA MÜBARİZƏ MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə Gəncə Dövlət Universitetində “Narkomaniya və onunla  mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib. Müzakirədə bir sıra dövlət qurumlarının nümayəndələri, Gəncə şəhər məktəblərindən olan psixoloq müəllimlər, Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva və tələbələr iştirak ediblər.

Prorektor Gülsüm Fətəliyeva tədbirin Prezident İlham Əliyevin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi barədə sərəncamına əsasən keçirildiyini bildirərək, dünyada və ölkəmizdə ağ ölümə çevrilən narkomaniya ilə mübarizə istiqamətində aparılan tədbirlərin əhəmiyyətini vurğulayıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası Daimi Fəaliyyət göstərən İşçi qrupunun sədr müavini Tanrıverdi Aydınov və baş məsləhətçi Raqif Allahverdiyev çıxış edərək ölkəmizdə narkomaniya ilə bağlı mövcud vəziyyət barədə məlumat verib. Qeyd ediblər ki, narkomaniya bəşəriyyəti düşündürən və narahat edən ən ağrılı problemlərdən biridir. Bildirilib ki, narkomanlığa qarşı mübarizədə bu cür müzakirələrin əhəmiyyəti yüksək qiymətləndirilir.

Sonra çıxış edən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə mübarizə idarəsinin əməkdaşı Teymur Quliyev narkomaniya ilə mübarizə istiqamətində Nazirliyin, o cümlədən Baş Narkotiklərlə Mübarizə İdarəsinin gördüyü tədbirlər barədə məlumat verib.

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Tural Hüseynzadə narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlığın bu gün bütün dünyanı narahat edən əsas problemlərdən biri olduğunu bildirib. Qeyd olunub ki, Azərbaycan Respublikasında sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib. Ölkəmizdə bu sahədə aparılan islahatlar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlıq problemlərinin həlli üçün cəmiyyətin, dövlətin və vətəndaş cəmiyyətinin səylərinin birləşdirilməsini, beynəlxalq əlaqələrin genişləndirilməsini və kompleks mübarizəni zəruri edib.

Digər çıxış edənlər mövzu ilə bağlı fikir və təkliflərini bildiriblər.

Tədbirin sonunda Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyevaya Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası Daimi Fəaliyyət göstərən İşçi qrupu tərəfindən 2021-ci ilin 14 oktyabr tarixində “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda keçirilmiş treninqdə iştirakına görə  “Sertifikat” verilmişdir.