GDU-da Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib
Gəncə Dövlət Universitetində (GDU) 17 Noyabr -Milli Dirçəliş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq Milli Dirçəliş Gününün əhəmiyyətindən və Ulu Öndər Heydər Əliyevin milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atdığı addımlardan danışıb. Prorektor bildirib ki, 1988-ci ilin noyabrın 17-də Bakının Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin mitinqi başladı. Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü ölkənin müstəqilliyinin bərpa edilməsində tarixi rol oynadı. 1993-cü ildə hakimiyyətə gəlişi ilə xalqa sağlam ruh və özünüdərk gətirən Ümummilli Lider Heydər Əliyev sovet ideologiyasının sərt qadağalarına baxmayaraq, milli- mənəvi dəyərlərə, Azərbaycan elminin və mədəniyyətinin dirçəlişinə xüsusi önəm verdi. Bütün sahələrdə inkişaf və oyanış müşahidə olunmağa başladı. Azərbaycan əsl intibah və dirçəliş dövrünə qədəm qoydu.
Tədbirdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti Qivami Qazıyev “Milli Dirçəliş gününün Azərbaycanın müstəqilliyinin bərpasında rolu” , Azərbaycan tarixi kafedrasının baş müəllimi Eldar Mehdiyev “Tarixən keçməkeşli yol keçən Azərbaycan”, Ümumi tarix kafedrasının müəllimi Elmira Əliyeva “17 Noyabr – Milli Azadlıq hərəkatı” və Xarici dillər fakültəsinin tələbəsi İsrafil Abbasov “Hər bir vətənpərvər üçün əhəmiyyətli bir gün” mövzusunda çıxış ediblər.
Tədbirin sonunda tələbələr vətənpərvərlik mövzusunda şeirlər söyləyiblər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti