GDU-da Qarabağ müharibəsinin iştirakçıları və qazilərlə görüş keçirilmişdir
Gəncə Dövlət Universitetinin Azad Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə I və II Qarabağ müharibəsinin iştirakçıları və qazilərlə görüş keçirilmişdir.
Gəncə Dövlət Universitetinin Tədris məsələləri üzrə prorektoru, dosent Şahin Xurşudov, universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva və Universitetin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, rektorun baş müşaviri Asif Cavadov, universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Afaq Qasımova, Botanika kafedrasının müdiri professor Vaqif Novruzovun iştirak etdiyi görüşdən öncə şəhidlərə həsr edilmiş Xatirə guşəsi önünə gül dəstəsi qoyulmuşdur.
Sonra Azərbaycanın Dövlət Himni səsləndirilmiş, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış qəhrəman övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Görüşdə 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi şanlı Zəfər, ordumuzun qəhrəmanlıqları və işğaldan azad edilən toqpaqlar haqqında söhbət açılmışdır. Qeyd edilmişdir ki, Azərbaycan xalqı ən məğrur, yenilməz xalq kimi, ordumuz isə dünyanın ən güclü, peşəkar ordusu kimi tarixə yazıldı. Rəşadətli Azərbaycan Ordusu sentyabrın 27-dən Ermənistanın hərbi təcavüzünə cavab olaraq, 30 ildən artıq işğal altında olan torpaqlarımızı azad etmək üçün genişmiqyaslı əks-hücum əməliyyatları həyata keçirməklə düşmənin bu illər ərzində yaratdığı “yenilməzlik” mifini darmadağın etdi. Xalqımız Ali Baş Komandanın ətrafında tək yumruğa çevrildi.
Görüşdə I və II Qarabağ müharibəsinin qaziləri və iştirakçıları çıxış edərək döyüşlərlə bağlı xatirələrini danışmış və onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına və universitetin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti