Gəncə Dövlət Universitetində “Zəfərə gedən yol” adlı tədbir keçirilmişdir

Gəncə Dövlət Universitetinin Kimya- Biologiya fakültəsində “Zəfərə gedən yol” adlı tədbir keçirilmişdir.

          Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilmiş və Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

          Gəncə Dövlət Universitetinin Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq Azərbaycanın 44 gün ərzində keçdiyi şanlı Zəfər yolundan danışmışdır. Qeyd etmişdir ki, Prezident İlham Əliyevin ordu quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər  nəticəsində müasir tələblərə cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarix yazdı. Bu gün bayrağımız qəhrəman Azərbaycan oğullarının canları bahasına azad etdikləri torpaqlarda dalğalanır.

  Gəncə Dövlət Universitetinin Ekologiya və təbiətin mühafizəsi kafedrasının müdiri Sevda Əhmədova, Kimya-Biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev çıxışlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində qazandığı qələbələrindən, mərd Azərbaycan əsgərlərinin qəhrəmanlıqlarından və xalqın dəmir yumruq kimi birləşərək Zəfər çalmasından danışmışlar.

         Tədbirdə universitetin Kimya-Biologiya fakültəsinin tələbələri tərəfindən vətənpərvərliyə aid şeirlər və mahnılar səsləndirilmişdir. Vətən müharibəsi zamanı şəhidlərin, qazilərin və müharibə iştirakçılarının  misilsiz şücaətlərini əks etdirən videoçarx da nümayiş etdirilmişdir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti.