GDU-nun rəhbərliyi və bir qrup professor-müəllim heyəti Azərbaycan müəllimlərinin XVI qurultayında

     Bakı Konqres Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan müəllimlərinin XVI qurultayı keçirilib. 
     Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov və ali təhsil ocağının bir qrup professor-müəllim heyəti də Azərbaycan müəllimlərinin XVI qurultayında iştirak edib.

     Azərbaycan müəllimlərinin XVI qurultayı Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

     Sonra Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsi birdəqiqəlik sükutla yad edilib.

      Dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ali məktəblərin rektorları, beynəlxalq, özəl və qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçilərinin iştirak etdiyi qurultayda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına ünvanlanmış müraciətini oxuyub. Müraciətdə Ulu Öndərin genişmiqyaslı fəaliyyətində təhsilin dinamik inkişafına həmişə həssaslıqla yanaşdığı və misilsiz qayğı göstərdiyi qeyd olunur. Bildirilir ki, təhsil ocaqlarımız yüksəliş mərhələlərini məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə yaşayıb. Milli təhsildə zamanın çağırışlarına müvafiq, gələcək perspektivlər yönündə atılan uğurlu addımlar həmin dövrdə ardıcıl surətdə gerçəkləşdirilmiş dövlət siyasətinin nəticəsidir.

       Elm və təhsil naziri Emin Əmrullayev iştirakçıları salamlayaraq Azərbaycan müəllimlərinin XVI qurultayının işinə uğurlar arzulayıb. Hesabat məruzəsi ilə çıxış edən nazir son illərdə təhsil sahəsində həyata keçirilən mühüm islahat və layihələrdən danışıb. Azərbaycan təhsilinin inkişaf strategiyasının banisi Ümummilli Lider Heydər Əliyevin bu sahədəki uğurlu siyasətini vurğulayan nazir ölkə Prezidenti İlham Əliyevin təhsilə olan diqqət və qayğısını xüsusilə qeyd edib. 

   Çıxışlarda Azərbaycan müəllimlərinin XVI qurultayını Azərbaycan müəllimlərinin zəfər qurultayı kimi dəyərləndilib, təhsil sahəsində aparılan sistemli islahatların əhəmiyyətindən danışılıb. 

      Qurultayda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilmiş ali təhsilin bakalavriat səviyyəsində əyani formada təhsil alan və təhsildə yüksək nailiyyətləri olan 100 tələbəyə “Heydər Əliyev adına təqaüd” təqdim olunub. 

      Gəncə Dövlət Universitetinin Kimya-biologiya fakültəsinin v kurs tələbəsi Lalə Ələkbərova və Riyaziyyat-informatika fakültəsinin ıı kurs tələbəsi Aysun Cavadova “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti