GDU-nun şəhid məzunu Rəşad Məmmədovun ailəsi ziyarət edilib
Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə, Tarix-Coğrafiya fakültəsinin müəllimləri və universitetin bir qrup tələbəsi 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Rəşad Məmmədovun ailəsini ziyarət ediblər.
Görüşdə şəhidin ailəsi və Rəşad Məmmədovun məzunu olduğu Gəncə Dövlət Universitetinin müəllimləri tərəfindən onun həyat yolundan, 44 günlük vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və şücaətindən danışılıb. Bildirilib ki, hər bir şəhidin qəhrəmanlığı və Vətən sevgisi gənclərimiz üçün örnəkdir.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsinin ilk günlərində döyüşə atılan Rəşad Məmmədov 8 noyabr 2020-ci ildə Şuşa istiqamətində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Rəşad Məmmədov ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda” medalı, “Cəsur döyüşçü” medalı və “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti