GÖRKƏMLİ OFTOLMOLOQ ALİM, AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVA ÖLKƏMİZDƏ TİBB ELMİNİN İNKİŞAFINA MÜHÜM TÖHFƏLƏR VERİB
Azərbaycanın tibb elminə misilsiz töhfələr vermiş, Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın anadan olmasından 101 ili ötür.
Qədim Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə xanım Əliyeva zəngin və mənalı ömür yaşayıb. Atası – görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ömür yolu onun üçün əsl həyat məktəbi olub. Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, dostu və silahdaşı idi. Vaxtilə ata evində görüb-götürdükləri respublikanın birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Ulu Öndərə mənəvi dayaq, arxa olub.
Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır.
Akademik Zərifə xanım Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçmiş, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermişdir.
Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1947-ci ildə institutu əla qiymətlərlə bitirmişdir.
XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak etmiş, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedərək həkim-oftalmoloqlara məruzələr oxumuşdur.
Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilmiş və ölkəmiz bu xəstəlikdən xilas olmuşdur.
1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı vermişdir. 1967-ci ildə Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət edilmiş və həkimlik fəaliyyəti ilə məşğul olmuşdur. Traxoma ilə yanaşı Zərifə xanım Əliyeva qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparmışdır. İllər boyu apardığı müşahidələrin, klinik tədqiqatların və təcrübələrin nəticələri Zərifə xanım Əliyevanın dünyada ən məşhur oftalmologiya mərkəzlərinin birində – H.Helmqolts adına Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda müdafiə etdiyi “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. 1977-ci ildə Zərifə xanım Əliyeva tibb elmləri doktoru alimlik dərəcəsi almışdır. Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilmiş, 1983-cü ildə isə həmin kafedranın müdiri olmuşdur. Bundan sonra alimin elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyətdə rəğbət qazanmışdır.
1981-cı ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ. Averbax adına mükafatına layiq görülmüşdür. Qeyd etmək lazımdır ki, professor Zərifə xanım Əliyeva həmin mükafata layiq görülən ilk qadın olmuşdur.
Apardığı elmi tədqiqatların yüksək səviyyəsi, onların sosial əhəmiyyəti, ictimai fəallığı, pedaqoji istedadı, çoxillik elmi-tədqiqat işlərində böyük xidmətləri layiqincə qiymətləndirilərək, 1983-cü ildə Zərifə xanım Əliyeva Azərbaycan SSR EA-nın akademiki seçilmişdir.
Görkəmli alimin elmi fəaliyyətinin əsas istiqamətlərindən biri də peşə oftalmologiyasına həsr edilmişdir. Alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində yeni bir istiqamətin – ,,peşə oftalmologiyası”nın əsasını qoymuşdur.
Zərifə xanım Əliyeva xidmətlərinə görə orden və medallarla təltif olunmuş, Azərbaycanın Əməkdar Elm Xadimi kimi yüksək fəxri ada layiq görülmüşdür.
Görkəmli alim Zərifə xanım Əliyeva ,,Terapevtik oftalmologiya”, ,,İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi həm bu günümüz, həm də gələcəyimiz üçün təkrarsız bir örnəkdir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti