Görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin ev-muzeyi ziyarət olunub
Əməkdar elm xadimi, yazıçı-alim Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində Gəncə Dövlət Universitetinin (GDU) Humanitar məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva və Kimya-biologiya fakültəsinin fəal tələbələri görkəmli ədibin Gəncə şəhərində yerləşən ev-muzeyini ziyarət ediblər.
Öncə ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin büstü önünə tər çiçək dəstələri düzülüb.
Muzey bələdçiləri XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı Mir Cəlal Paşayevin uşaqlıq, gənclik və tələbəlik illəri, pedaqoji, ədəbi fəaliyyəti və ev-muzeyi haqqında geniş məlumat veriblər. Bildirilib ki, 2007-ci ildə istifadəyə verilən ev-muzeyinə ədibin pasportu, orden və medalları hədiyyə edilib. Hazırda bu əşyalar muzeyin ən dəyərli eksponatlarıdır.
Tələbələr görkəmli ədibin ev-muzeyi ilə yaxından tanış olublar. Ədəbiyyatşünas alimin şəkilləri, şəxsi əşyaları və ailəsinə yazdığı məktubları ilə tanışlıq onların böyük marağına səbəb olub.
Sonda gənclərin sualları ətraflı cavablandırılıb.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti