HEYDƏR ƏLİYEV – yeni milli intibahın və müstəqil dövlətçiliyin əsasını qoymuş tarixi şəxsiyyət
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə Gəncə Dövlət Universitetində (GDU) tədbir keçirilib.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, əvvəlcə ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə vurğulanıb ki, 1969-cu ildən Azərbaycana rəhbərlik edən Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi məmləkətini nəinki keçmiş SSRİ-də, hətta dünyada sivil bir respublika kimi tanıdıb, milli varlığımızı beynəlxalq aləmə nümayiş etdirib.
Ümummilli Liderin zəngin həyat və siyasi fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
Rektorun baş müşaviri Asif Cavadov qeyd edib ki, Heydər Əliyev Azərbaycana ilk rəhbərliyi dövründə Sovet İttifaqı tərkibində bugünkü müstəqil dövlətimizin ilkin əsaslarını formalaşdırıb. Ümummilli lider Heydər Əliyev milli kimliyimizi yaşadan ana dilimizin inkişafını da xüsusi diqqət mərkəzində saxlayıb, Azərbaycana fikir plüralizmi, demokratik və azad düşüncə tərzi, güclü sosial ədalət haqqı və milli özünüdərk gətirib. Xüsusilə qeyd etmək lazımdır ki, Ulu Öndər 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələndə bütün SSRİ məkanında rus dili hakim və rəsmi dil idi. Xalqımızın böyük oğlu tarixdə misli görünməmiş cəsarət, siyasi müdriklik nümayiş etdirib, Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunan təntənəli toplantıda Azərbaycan dilində çıxış edərək ana dilimizə, milli dəyərlərimizə sahib çıxacağını nümayiş etdirib.
Dahi rəhbər yüksək səviyyəli digər yığıncaqlarda, konfranslarda, dövlət səviyyəsində aparılan tədbirlərdə ana dilində parlaq çıxışlar edərək özünə böyük hörmət və məhəbbət qazanmışdı. 1978-ci il aprel ayının 2-də doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Azərbaycan rəhbərinin təklifi ilə Konstitusiyanın 73-cü maddəsini aşağıdakı redaksiyada vermək təklif olunub: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Həmin dövrdə belə bir maddənin əlavə edilməsi çox böyük risk idi. Hər an Ulu Öndərə millətçi damğası vurmaq təhlükəsi yaranmışdı. Ancaq müdrik şəxsiyyət bütün bunlardan qorxmamış, Onun ana dilinə olan məhəbbəti, milli təəssübkeşliyi hər şeyi üstələmişdi.
Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan 1993-cü ildən sonrakı on il ərzində böyük və şərəfli yol keçib. 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi yaddaşlarda və tarixdə qalıb. Bu illər ərzində dövlətçiliyin əsasları qoyulub.
Bildirilib ki, Ulu Öndərimizin nəsillərə nümunə olan həyat yolu xalqa təmənnasız xidmətdə keçib. O, nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də müstəqil, milli dövlətçiliyin əsasını qoyub, yeni idarəçilik məktəbi formalaşdırıb. Dahi şəxsiyyət özünün qurub – yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini bu məktəbin layiqli davamçısı olan İlham Əliyevə əmanət edib. Bu gün ölkəmiz Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında yeni nailiyyətlər qazanır.
1969-cu ilin 14 iyulu tarixə Azərbaycanın özünə qayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi düşüb. Çünki məhz həmin tarixdən etibarən Azərbaycana rəhbərlik edən ulu öndər Heydər Əliyev qüdrətli dövlət xadimi, mahir siyasətçi kimi Azərbaycanı nəinki keçmiş SSRİ-də və dünyada tanıdıb, həm də milli varlığımızı qoruyub saxlayıb. O illərin rəşadəti və şöhrəti XX əsr tariximizə qızıl hərflərlə yazılıb. Buna görə də 14 iyul tarixi xalqımızın qəlbində həm də milliliyin, Azərbaycançılığın, tarix səhifəsində milli dövlətçiliyimizin əbədi mövcudiyyət günü kimi qəbul edilir.