Gəncə Dövlət Universitetinin əməkdaşları AESOP layihəsinin yekun konfransında iştirak ediblər

15-16 iyul 2019-cu il tarixdə Gəncə Dövlət Universitetinin əməkdaşları, İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov, İKT şöbəsinin müdiri Asif Həsənov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və İnnovasiya texnologiyalarının transferi və marketinqi şöbəsinin müdiri Razim Əliyev Gürcüstanın Akaki Tresteli Dövlət Universitetinin koordinatoru olduğu AESOP-“Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması” layihəsi çərçivəsində Kutaisi şəhərində keçirilmiş yekun görüşdə iştirak ediblər. İki gün davam edən tədbirdə layihə üzrə həyata keçirilmiş fəaliyyətlərin nəticələri təqdim olunub. Universiteti əməkdaşları layihənin ümumi fəlsəfəsindən və əldə edilmiş nəticələrdən danışıb. Əməkdaşların təqdim etdiyi yekun hesabat tərəfdaşlar tərəfindən məqbul hesab olunub. Görüşdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşları ilə yanaşı Gürcüstan, Ukrayna, Polşa, İtaliya, Finlandiya, Avstriya və İngiltərədən 16 tərəfdaş universitetin təmsilçiləri iştirak ediblər.

Qeyd edək ki, layihənin yekununda Gəncə Dövlət Universitetinin əsas binasında Tələbə Ombudsmanı Mərkəzi yaradılıb. Artıq tələbələrin şikayət və təklifləri elektron və yazılı formada məxfilik prinsipləri əsasında baxılır və yerində həll olunur.