İqtisadiyyat və idarəetmə fakültəsində 20 yanvar qeyd edildi
15 yanvar 2015-ci il tarixdə Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə İqtisadiyyat və idarəetmə fakültəsinin oxu zalında 20 yanvar-Qara yanvar faciəsinin 25-ci ildönümü qeyd edildi. Tədbirin aparıcısı dövlət və bələdiyyə idarəetmə ixtisasının III kurs tələbəsi Firuzə Nağızadə Dövlət himni səsləndikdən sonra fakültə dekanı dosent Şahin Xurşudova söz verdi.
Şahin Xurşudov Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən bəhs edərək qeyd etdi ki, keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Eyni zamanda xalqımız bu tarixi sınaqdan şərəflə çıxdı. Sovet tanklarına qarşı əliyalın mübarizəyə qalxan xalq şəhidlər verdi, ancaq öz şərəıfini dünyaya bəyan etdi.
Baş müəllim Yəhya Süleymanov Yanvar faciəsinin baş vermə tarixindən, səbəblərindən, xalqın əsrlərlə Rus reşimindən, müstəmləkə siyasətindən azad olmaq uğrunda mübarizəsindən, erməni satqınlığı ilə xalqımızın başına açılan oyunlardan, nəhayət belə bir faciənin törədilməsindən əhatəli şəkildə bəhs etdi. Artıq bu tarixi günün xalqımızın, xüsusən gəncliyin yaddaşına hopmasından, hər il böyük həyəcan və iftixarla yad edilməsindən bəhs etdi.
Firuzə Nağızadənin 20 yanvar faciəsi haqqında bütün gəncliyin-tələbələrin düşüncələrini, qürur hissini əks etdirən kövrək, amma qətiyyətli çıxışından sonra tələbələrdən Aytac Səlimovanın, Ruqiyyə Əliyevanın, Şahzadə Qəhrəmanovanın söylədikləri şeirlərdə əsl vətəndaşlıq, torpağa bağlılıq, vətənə sonsuz sevgi, milli qeyrət, düşmənə əbədi nifrət böyük pafosla sələndi.
Tədbirin sonunda 20 yanvar faciəsinicanlandıran video-çarx nümayiş etdirildi.