İspaniyanın UCAM San Antonio Mursiya Universitetinin professoru Gəncə Dövlət Universitetində
İspaniya Krallığının UCAM San Antonio Mursiya Universitetinin professoru Oriol Abellan Aynes Gəncə Dövlət Universitetində olub, bir həftə ərzində Pedaqoji fakültədə “Erasmus+” KA1 proqramı üzrə təcrübə mübadiləsində iştirak edib. Bununla yanaşı xarici professor ustad dərsləri keçib və qabiliyyət imtahanının gedişini izləyib. Oriol Abellan Aynesin GDU-da keçdiyi təcrübə mübadilə proqramı artıq bu gün yekunlaşıb.
Bununla əlaqədar Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov ispaniyalı qonaqla görüş keçirib. Görüşdə universitetin İnnovasiyalar Departamentinin direktoru Vasif Həsənov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov, İnnovasiyalar Departamentinin şöbə müdiri Razim Əliyev iştirak ediblər.
Rektor Yusif Yusibov UCAM San Antonio Mursiya Universiteti ilə mövcud əməkdaşlıq əlaqələrindən və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyətindən danışıb. Oriol Abellan Aynes Gəncə Dövlət Universitetində müəllim və tələbələr üçün yaradılan şəraiti, eləcə də tədris prosesinin təşkilini yüksək qiymətləndirib.
Görüşün sonunda simvolik hədiyyə təqdim edilib.
Daha sonra Oriol Abellan Aynes Pedoqoji fakültənin Bədən tərbiyəsi və idman kafedrasının əməkdaşları ilə görüşüb. Bununla yanaşı universitetin digər tədris korpusları ilə yaxından tanış olub.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti