KONSTİTUSİYAYA HƏSR EDİLMİŞ ELMİ-PRAKTİK KONFRANS
11 noyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Əsas binasının iclas zalında professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə Azərbaycan Respublikasının Konstitusya gününə həsr edilmiş elmi-praktik konfrans keçirilmişdir.
Dövlət Himni səsləndikdən sonra rektor professor Yusif Yusibov kollektivi Konstitusya günü münasibətilə təbrik edib Azərbaycan Respublikasının Konstitusiyasının tarixinə qısa bir nəzər saldı. Qeyd etdi ki, hələ 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Azərbaycanın Konstitusiya quruluşunun tarixi isə SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul olunmuşdur. Azərbaycan SSR Konstitusiyasının SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də IV Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilmişdir. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da SSRİ Konstitusiyasına uyğunlaşdırmadan kənara çıxa bilməmişdir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Milli Konstitusiyasına zərurət yaranmışdır. Ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə xüsusi komissiya yaradılmış, hazırlanmış yeni Konstitusiya layihəsi ümumxalq müzakirəsinə çıxarılmışdır. 1995-ci il noyabrın 12-də referendumla müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunmuşdur. 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir.
Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan dövlətinin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir, dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsaslarını təsbit edir.
Professor Yusif Yusibovun giriş sözündən sonra məruzəçilərə söz verildi. Humanitar məsələlər üzrə prorektor, dosent Gülsüm Fətəliyeva “Heydər Əliyev Milli Konstitusiyamızın yaradıcısı və banisidir”, Pedaqoji fakültənin dekanı dosent Bayram Apoyevin “Müstəqilliyimizə, hüquq və azadlıqlarımıza təminat verən əsl sənəd”, dosent Afaq Yusiflinin “Azərbaycan Konstitusiyası ölkəmizdə insan hüquqları və azadlıqlarının ali təminatçısıdır”, dosent əvəzi Etibar Musayevin “Müasir Konstitusiya Azərbaycan tarixinin ən demokratik Konstitusiyasıdır” mövzusunda etdikləri məruzələr maraqla dinlənilmişdir.
Professor Həsənbala Sadıqovun çıxışı, Bayram Apoyevin rəhbərə həsr etdiyi şeiri, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının III kurs tələbəsi Çinarə Ələkbərova, Riyaziyyat müəllimliyi ixtisasının III kurs tələbəsi Hekayət Əhmədzadə tərəfindən “Ulu bir sərkərdə, Ulu öndər” adlı poetik nümunənin ifası rəğbətlə qarşılandı.