TƏLƏBƏLƏRİN XEYRİYYƏ KONSERTİ

Gəncə Dövlət Universitetinin Biologiya-kimya fakültəsinin təşəbbüsü və Tələbə Gənclər Təşkilatının dəstəyi ilə “Biz və onlar” layihəsi Gəncə Dövlət Dram Teatrında həyata keçirildi. Bu layihə sosial yönümlü olmaqla valideyn himayəsindən məhrum olan uşaqlara tələbələrin diqqətini artırmaq və tələbələrin onlara maddi və mənəvi dəstəyini real şəkildə göstərməkdir.

Başqa universitetlərdə  təhsil alan tələbələrin də  dəvət olunduğu konsert proqramına başlamazdan əvvəl Biologiya-kimya fakültəsinin dekanı dosent İsfəndiyar Alverdiyev çıxış edərək bu layihənin məzmun və məqsədindən məlumat verərək tələbələrə uğurlar arzuladı.

İlk öncə Universitetin Xarici dillərlə birlikdə  İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrinin iştirak etdiyi “Qız evi” adlı əyləncəli səhnəcik göstərildi. Azərbaycan Dövlət və Mədəniyyət Universitetinin tələbəsi Eldar Səfərovun, Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi Ülvi Süleymanovun ifa etdiyi milli və xarici mahnılar, Filologiya fakültəsinin III kurs tələbəsi Çinarə Ələkbərovanın və IV kurs tələbəsi Şəhzadə Qəhrəmanzadənin  səsləndirdikləri seirlər, “Akustik” gitara qrupunun ifası, Qarabağa həsr edilmiş səhnəcik alqışlarla qarşılandı.

Tədbirin sonunda Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov universitetdə gənclərə yaradılan şəraitdən, onların təkliflərinin həyata keçirilməsindən, görülən işlərdən  bəhs etdi.

Konsert proqramının hazırlanmasında əməyi olan gənclər səhnəyə dəvət olundu və onlara minnətdarlıq bildirildi.

Konsertdən əldə edilmiş vəsait valideyn himayəsindən məhrum olan uşaqlara sərf ediləcəkdir.