Gəncə Dövlət Universitetində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
8 Noyabr – Zəfər Günü münasibəti ilə Gəncə Dövlət Universitetində silsilə tədbirlər keçirilib.
Tədbirdən öncə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov universitetin foyesində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin büstü və şəhidlərin xatirəsinə həsr olunmuş guşə önünə gül dəstələri düzüb.
Rektor Yusif Yusibov tədris binalarında şəhidlərin adını daşıyan auditoriyaları ziyarət edib, burada şəhidlərin xatirəsinə yaradılmış guşələrin önünə gül dəstələri qoyaraq onların əziz xatirəsini ehtiramla yad edib.
Daha sonra Gəncə Dövlət Universitetinin V tədris binasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, millət vəkili Pərvin Kərimzadə, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, Vətən müharibəsi qaziləri, şəhid ailələrinin üzvləri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş kitab sərgisi ilə tanış olub, Qarabağ və 8 Noyabr – Zəfər Gününə həsr edilmiş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçiriblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərə həsr olunan videoçarx nümayiş etdirilib.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov tədbir iştirakçılarını 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən, qəhrəman hərbçilərimizin döyüşlərdə göstərdikləri şücaətdən və xalqımızın həmrəyliyindən danışıb. Rektor qeyd edib ki, torpaqlarımızın düşmən işğalından azad edilməsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, xalqımızın iftixar və qürur mənbəyinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi liderliyi tarixi Qələbənin əldə olunmasında həlledici rol oynayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız və rəşadətli Ordumuz 44 gün ərzində 30 illik işğala son qoyaraq ərazi bütövlüyümüzün bərpasına nail olub. Qarabağ Zəfəri Prezident-xalq birliyinin təntənəsi olub və Azərbaycanın hərbi-iqtisadi qüdrətini bütün dünyaya nümayiş etdirib. Rektor onu da vurğulayıb ki, hər günü qəhrəmanlıq dastanına çevrilən II Qarabağ müharibəsində Gəncə Dövlət Universitetinin əməkdaşları və tələbələri də ilk gündən könüllü olaraq cəbhəyə yollanıb, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak ediblər. Onların sırasında şəhidlik zirvəsinə ucalanlar və müharibə iştirakçısı olan qazilər də var. O da diqqətə çatdırılıb ki, qazanılan tarixi Zəfər nəticəsində bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərimizdə əzəmətlə dalğalanır, işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxışında bildirib ki, Vətən müharibəsi dövründə Gəncə ağır sınaqlarla üzləşsə də, düşmənin raket hücumları nəticəsində mülki əhali arasında itkilər yaşansa da, şəhər sakinləri ruhdan düşməyib, həmrəylik nümayiş etdirərək Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər. Vurğulanıb ki, həmin ağır günlərdə şəhər sakinləri Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək dövlətə və orduya dəstəklərini ifadə edib, xalqımızın sarsılmaz iradəsini və milli birliyini nümayiş etdiriblər.
Tədbirdə çıxış edən GDU-nun Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə Azərbaycan Ordusunun 44 gün ərzində ən müasir döyüş texnologiyalarından və silahlardan istifadə etməklə yüksək peşəkarlıq nümayiş etdirdiyini bildirib. O, Vətən müharibəsində Azərbaycan hərbçilərinin göstərdiyi qəhrəmanlıq və peşəkarlığın, eləcə də Ordumuzun döyüş təcrübəsi və taktikasının beynəlxalq miqyasda öyrənildiyini diqqətə çatdırıb. Pərvin Kərimzadə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığını, dağıdılmış şəhər və kəndlərdə həyatın yenidən canlandığını, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtdığını bildirib.
Türkiyə Cümhuriyyətinin Gəncədəki baş konsulu Recep Öztop çıxışında vurğulayıb ki, 44 günlük Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının və strateji müttəfiqliyinin gücünü bütün dünyaya bir daha nümayiş etdirib. Qeyd edilib ki, müharibə dövründə Türkiyənin Azərbaycana göstərdiyi dəstək iki qardaş ölkə arasında tarixi köklərə, qarşılıqlı etimada və sarsılmaz həmrəyliyə əsaslanan münasibətlərin bariz nümunəsi olub.
GDU-nun məzunu, şəhid Səməndər İmanovun atası İsaxan İmanov və Vətən müharibəsi iştirakçısı İsmət Budaqov çıxışlarında ölkəmizin şanlı tarixinə qəhrəmanlıq səhifələri yazan igidlərimizin şücaətindən qürurla danışıblar. Onlar şəhidlərimizin qanının yerdə qalmadığını, torpaqlarımızın işğaldan azad edilməsinin xalqımıza böyük qürur və sevinc yaşatdığını bildiriblər. Çıxışlarda şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə göstərilən yüksək dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə olunub. Həmçinin universitetdə yüksək ixtisaslı kadr hazırlığı ilə yanaşı, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi önəm verən, şəhid ailələrinin və qazilərin daim yanında olan universitet rəhbərliyinə təşəkkür edilib.
Tədbirin davamında Sosial fənlər kafedrasının müdiri, dosent Cavid Bağırzadə və Ümumi tarix kafedrasının dosenti Nərgiz Rəsulova Qarabağ müharibəsinin tarixi, müharibə dövründə baş verən hadisələr və əldə olunan nailiyyətlər barədə məruzələrlə çıxış ediblər.


























