Gəncə Dövlət Universitetində Zəfər Festivalı keçirilib
8 Noyabr – Zəfər Günü münasibətilə Gəncə Dövlət Universitetində İdman Klubunun və Tələbə Gənclər Təşkilatının (TGT) birgə təşkilatçılığı ilə Zəfər Festivalı keçirilib.
Tədbirdə universitetin prorektorları, professor-müəllim heyəti, tələbələr və qazilər iştirak ediblər. Festivaldan əvvəl universitetin ikinci tədris binasında şəhidlərin əziz xatirəsinə həsr olunmuş guşə önünə gül dəstələri düzülüb, onların xatirəsi ehtiramla yad edilib.
GDU-nun Tələbə Evinin idman meydançasında təşkil olunan festival çərçivəsində iştirakçılar Universitetinin Kitabxana və İnformasiya Mərkəzinin təşkil etdiyi kitab sərgisi ilə tanış olublar, həmçinin İdman Klubunun respublika və beynəlxalq idman yarışlarında qazandığı kubok, medal, diplom və fəxri fərmanlardan ibarət sərgiyə baxış keçiriblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
GDU-nun İdman Klubunun sədri, Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi Xəqani Umudov tədbiri giriş sözü ilə açaraq 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının milli birliyinin, dövlətimizin siyasi iradəsinin, Azərbaycan Ordusunun qüdrətinin və tarixi ədalətin bərpasının parlaq təcəssümü olduğunu bildirib. Qeyd edib ki, bu möhtəşəm Zəfər milli qürur və həmrəyliyimizin rəmzidir. Xaqani Umudov onu da vurğulayıb ki, tarixi Qələbənin əldə olunmasında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi müdrik dövlətçilik strategiyası, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti, Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi mühüm rol oynayıb. İdman Klubunun sədri festivalın keçirilməsində əsas məqsədin gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək, milli-mənəvi dəyərlərə bağlılığı artırmaq, sağlam həyat tərzini təbliğ etmək və tələbələri idmanla müntəzəm məşğul olmağa həvəsləndirmək olduğunu bildirib. O, idmanın gənclərin fiziki sağlamlığının möhkəmləndirilməsi ilə yanaşı, onlarda iradə, əzmkarlıq, intizam, komanda ruhu və qələbə əzmi kimi mühüm keyfiyyətlərin formalaşmasında xüsusi rol oynadığını qeyd edib.
SİNX – GDU-nun İdman Klubunun sədri, Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi Xəqani Umudov
GDU-nun Elm və innovasiyalar üzrə prorektoru, millət vəkili Pərvin Kərimzadə çıxış edərək 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixində müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıb. Bildirib ki, bu tarixi Qələbə xalqımızın əzmkarlığının, milli birliyinin, ordumuzun gücünün və dövlətimizin qətiyyətli siyasətinin nəticəsidir. Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan xalqının illərlə həsrətində olduğu tarixi ədalətin bərpası, ərazi bütövlüyümüzün təmin olunması və milli qürurumuzun təntənəsidir. Pərvin Kərimzadə gənclərin milli-mənəvi dəyərlərə bağlı, dövlətçilik ənənələrinə sadiq və vətənpərvər ruhda yetişməsinin vacibliyini qeyd edərək belə tədbirlərin tələbələrin vətəndaşlıq mövqeyinin formalaşmasına, onların ictimai fəallığının artırılmasına mühüm töhfə verdiyini bildirib.
GDU-nun Tələbə Gənclər Təşkilatının sədri İsrafil Abbasov çıxışında bildirib ki, Zəfər ruhunun yaşadılması, milli birlik və həmrəylik ənənələrinin qorunması, gənclərin vətənpərvərlik ruhunda formalaşması hər bir gəncin üzərinə mühüm məsuliyyət qoyur.
Tədbirdə 44 günlük Vətən müharibəsinin qazisi, Gəncə Dövlət Universitetinin əməkdaşı İsmət Budaqov da çıxış edib. O, döyüş meydanında Azərbaycan əsgərinin göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən bəhs edib.
Festivalın davamında Gəncə Dövlət Universitetinin İdman Klubunun üzvləri müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar nümayiş etdiriblər. İdmançıların təqdim etdiyi çıxışlar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirin bədii hissəsində Musiqi kafedrasının hazırladığı proqram təqdim olunub. Proqram çərçivəsində Vətənə, torpağa və Zəfərə həsr olunmuş şeirlər səsləndirilib, vətənpərvərlik ruhunda mahnılar ifa edilib.



















