PROFESSORLA GÖRÜŞ
Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının “Fikir çərşənbəsi” adlı layihəsi əsasında növbə ilə tələbələrlə professorların görüşü təşkil olunur. 07 aprel 2015-ci il tarixdə “Fikir çərşənbəsi”nə Botanika kafedrasının müdiri, biologiya elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Vaqif Novruzov dəvət olunmuşdur.
Professor Vaqif Novruzov 1970-ci ildə namizədlik, 1985-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmişdir. 1978-ci ildə baş elmi işçi, 1986-cı ildə dosent, 1988-ci ildə professor elmi adlarını almış, ”Azərbaycanın 100 görkəmli alimi” Ensiklopedik nəşrə daxil edilmiş, Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi” fəxri adına layiq görülmüşdür.
Professor Vaqif Novruzov 1996-2008-ci illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası «Biologiya və kənd təsərrüfatı elmləri üzrə» Ekspert şurasının üzvü olmuş, hazırda AMEA Biologiya elmləri bölməsi üzrə problem Şurasının, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi «Heyvan və bitki növləri üzrə» Komissiyanın, ADAU nəzdində Dissertasiya Şurasının, Azərbaycan Respublikası Təhsil Nazirliyi Biologiya elmləri üzrə Elmi-metodiki Şurasının üzvü, GDU və Biologiya-kimya fakültəsi Elmi Şuralarının üzvüdür. Biologiya-kimya fakültəsi tədris-metodiki Şurasının və Universitet müsabiqə Komissiyasının sədri, Azərbaycanın «Qırmızı kitabı”nın yeni nəşrinin redaksiya heyətinin üzvüdür.
Olduqca səmimi keçən bu görüşdə professor Vaqif Novruzov tələbələrə öz həyatından, təhsil illərindən, elmi yaradıcılığındakı uğurlarından, nəhayət kafedradakı fəaliyyətindən danışdı. Bu şərəfli bir həyat yolu keçmiş elm adamının, əsl vətəndaşın real, canlı nümunəsi idi. Elə bir nümunə ki, tələbələr Onunla fəxr edib, onun həyatını əsl öpnək kimi qəbul edə bilərlər.
Hal-hazırda professorun Gəncə Dövlət Universitetində pedaqoji fəaliyyətdə olan yetirmələıri öz ustadları haqqında ürək sözlərini, onun qayğıkeşliyini, rəhbər kimi elmdə güzəştsiz tələbkarlığını böyük bir qürur hissi ilə tələbələrə çatdırdılar.
Sonda professor tələbələri-gəncliyi maraqlandıran suallara cavab verdi.