“Qərbi azərbaycanlıların kütləvi deportasiyası” adlı tədbir keçirilib

              Gəncə Dövlət Universitetində “Qərbi azərbaycanlıların kütləvi deportasiyası” adlı tədbir keçirilib.

     Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

      Tədbirdə Qərbi Azərbaycanla bağlı videoçarx nümayiş olunub.

       Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq  ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırım, etnik təmizləmə və deportasiya siyasətindən danışıb. Qeyd edib ki, XX əsrdə mərhələlərlə davam etmiş ermənilərin deportasiya siyasəti tarixi-mədəni irsimizin məhvi ilə də nəticələnib, abidələrimiz dağıdılıb, qədim Azərbaycan toponimləri saxta və uydurma adlarla əvəzlənib. Prorektor onu da bildirib ki, Ümummilli Lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra ilk dəfə azərbaycanlıların deportasiyasına hüquqi-siyasi qiymət verib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, mahir sərkərdəlik bacarığı sayəsində 44 Günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun düşmən üzərindəki möhtəşəm Qələbələri, Azərbaycanın suverenliyinin tam bərpa edilməsi dövlətimizin gücünü və xalqımızın məğrurluğunu bütün dünyaya  bir daha nümayiş etdirdi. Düşmən üzərindəki davamlı qələbələrimiz vaxtı ilə öz əzəli yurdlarından didərgin  düşən bütün Qərbi azərbaycanlıların doğma ellərinə qayıdışına inamını daha da artırdı.  Xalqımız əmindir ki, Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın davamı olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Qərbi Azərbaycana qayıdış da reallaşacaqdır.

      Qərbi Azərbaycan İcmasının Gəncə şəhəri üzrə nümayəndəsi, GDU-nun professoru Mübariz Yusifov mövzu ilə bağlı fikirlərini bölüşüb və Qərbi Azərbaycana Qayıdış Konsepsiyası çərçivəsində görülən işlərdən ətraflı danışıb.

     Tədbirdə universitet əməkdaşları – tarix üzrə fəlsəfə doktoru Fəxrəddin Usenov “Qərbi Azərbaycan tarixi: Xronoloji baxış”,  filologiya üzrə fəlsəfə doktoru Səba Namazova “Qərbi Azərbaycana qayıdış festival-konqresi və milli qürurumuz”, tarix üzrə fəlsəfə doktoru İlham Məmmədov “Əsrin əvvəllərində Qərbi Azərbaycan torpaqlarının işğalı”, pedaqogika üzrə fəlsəfə doktoru Samirə Quliyeva “Qərbi Azərbaycan bütöv Azərbaycanın bir hissəsidir”, filologiya üzrə fəlsəfə doktoru Aytən Əhmədova “Əli Vəliyevin əsərlərində Zəngəzur toponimləri”,  pedaqogika üzrə fəlsəfə doktoru Sabirə Bayramova “Azərbaycanlıların Ermənistandan deportasiyası”  adlı məruzələrlə çıxış ediblər.

        2024-cü ilin iyun ayının 21-də  Naxçıvan Muxtar Respublikasında keçirilmiş “Qərbi Azərbaycana qayıdış” festival-konqresində iştirak edən GDU-nun əməkdaşları həmin tədbirdən yaddaqalan məqamlardan da bəhs ediblər. Bildirilib ki, festivalın təşkil olunduğu məkandan cəmi bir neçə kilometr məsafədə vaxtilə həmvətənlərimizin yaşadıqları Qərbi Azərbaycan kəndlərinin yerləşməsi tədbir iştirakçılarını həm ruhən, həm də coğrafi olaraq Qərbi Azərbaycana daha da yaxınlaşdırdı.

    Tədbirin davamında çıxış edənlər Qərbi Azərbaycanla bağlı  xatirələrini bölüşüblər.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti