QÜRUR SALNAMƏSİ
Erməni faşizminin 30 ildə yaratdığı möhkəm istehkamları cəmi 44 gün ərzində darmadağın edərək işğal altında olan 299 şəhər, qəsəbə və kəndlərin, həmçinin Murov zirvəsi, Xudafərin körpüsü, eyni zamanda Bartaz, Sığırt, Şükürataz kimi strateji əhəmiyyətli onlarla yüksəkliyin azad edilməsi əsl möcüzədir, şanlı ordumuzun tarixə yazdığı qəhrəmanlıq nümunəsidir. Bu yenilməzlik cənab Prezidentimiz İlham Əliyevin xüsusən Vətən müharibəsi günlərində məlum olan əzminin, iradəsinin, qətiyyətinin, qorxmazlığının nəticəsidir desək, tam haqlı olarıq. Cənab Prezidentimizin xarici ölkələrin nüfuzlu mətbuat orqanlarının qərəzli və qərəzsiz jurnaiistlərinə 30-dək verdiyi müsahibələr, hər bir sözünün ölçülü-biçimli olması, suallar əsasında apardığı məntiqi təhlillər, siyasi hazırlıq, səbrlilik qürurverici idi. Cəsarətli cavablar arxada yumruq kimi birləşmiş xalqın varlığından xəbər verirdi. Heç vaxt xalqımız bu səviyyədə birləşməmişdir. Prezidentinə inanan Xalq şəhidlər verirdi, evlər raketlərlə dağıdılırdı, amma qürurlu idi, öz elindən, dogma kəndindən bir addım da olsun geri çəkilmədi. Hətta müqəddəs ruhlu şəhidlərin ata-anaları əyilmədilər, təki xalqımız, ordumuz, Prezidentimiz sağ olsun dedilər. Xalq öz rəhbəri ilə fəxr edirdi.
Qüdrətli ordumuzun rəşadəti bütün dünyanı heyran etmişdir. Heç bir hərbi texnikadan istifadə etmədən möhkəm istehkamlı Qarabağın döyünən ürəyi olan, xalqımızın qeyrəti, qüruru sayılan Şuşanın xüsusi təyinatlılarımız tərəfindən azad ediməsi qəhrəmanlığın özünü heyrətə salmışdır. Azərbaycan ordusunun döyüş taktikası kimi, Şuşanın da azad olunması dünya hərbi mütəxəssislərini bundan sonra da maraqlandıracaq, bu haqda fikirlər söylənəcək, təhlillər aparılacaqdır.
Gəncə Dövlət Universitetinin çoxsaylı kollektivi daim cənab Prezidententimizin, şanlı ordumuzun yanında olub, mənəvi və maddi dayaqda öz sədaqətini göstərmişdir. Tələbələrimizdən bir neçəsi döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Onların xatirəsi daim kollektivimizin qəlbində yaşayacaq, adları məğrurcasına yad ediləcəkdir.
44 gün xalqımızın qalibiyyət tarixidir. Ali Baş Komandanımızın başçılığı altında ordumuz əsrlərə örnək olacaq bir tarix yazdı. Gələcək nəsillər yeni yazılmış tariximizlə başlarını dik tutacaq, qürurla yaşayacaq, Vətəni, xalqını bütün varlığı ilə sevməyin ən ali müqəddəs hiss olduğunu anlayacaqlar.