RUSİYALI ALİM, TARİXÇİ OLEQ KUZNETSOVLA GÖRÜŞ

 

22 may 2017-ci il tarixdə Gəncə Dövlət Universitetində V Bakı Beynəlxalq Humanitar Forum iştirakçısı, Rusiyanın tanınmış tarixçisi və siyasi analitiki, tarix elmləri doktoru Oleq Kuznetsovun iştirakı ilə “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımını tanınması üçün petisiya” haqqında universitetin müəllim heyətini, orta məktəb müəllimlərini,tələbə və şagirdləri məlumatlandırmaq məqsədi ilə görüş keçirilmişdir. Rusiyalı alim, tarixçi Oleq Kuznetsov Xocalı soyqırımının tanınması üçün 2017-ci il martın əvvəlindən petisiyaya başlayıb. Petisiya RF Dövlət Dumasına və Federasiya Şurasına ünvanlanıb.

Görüşdə  ilk öncə Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva  iştirakçıları salamlayaraq, Azərbaycan-Rusiya dostluğunun tarixindən və bu günkü iqtisadi, siyasi, mədəni əməkdaşlığından bəhs etmişdir.

Rusiyalı alim, tarixçi Oleq Kuznetsov bu petisiyanın təşkil edilmə zərurətindən, məqsədindən, həmçinin  faktlar əsasında erməni terrorizminin yaratdığı bəşəri faciələrdən, Azərbaycan xalqına qarşı törətdiyi soyqırımından geniş söhbət açmışdır. İmza toplanması kampaniyası çətin proqnozlaşdırılan işdir, çünki bu işdə subyektiv amilin təsiri çox güclüdür. Petisiyanı imzalamağa insanı məcbur etmək demək olar ki, qeyri-mümkündür.O, könüllü və şüurlu olaraq bunu etməlidir. O,görüşdə faciəni törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi, faciənin insanlığa qarşı cinayət və soyqırım aktı kimi qiymətləndirilməsi üçün hamıya çağırış etdi. Bu petisiya həm də Rusiya Dövlət Dumasında faciənin soyqırım kimi qəbul edilməsində, onu törədən erməni cinayətkarların hüquqi məsuliyyətə cəlb olunması istiqamətində əhəmiyyətə malikdir. Tarixçi bildirdi ki, Rusiya Dövlət Dumasını üzvlərinə ünvanlanmış petisiyaya qoşulmaq üçün www. change.org saytına daxil olmaqla imza sayını artırmaq mümkündür.Rusiya Dövlət Dumasında sözügedən soyqırıma baxılması üçün bu petisiyaya 6 ay ərzində 200 min nəfər qoşulmalıdır. Lakin hələ ki, petisiyaya 16 min 500 nəfərə yaxın adam qoşulub. Bu isə qeyd olunan limitin qarşısında təbii ki, çox aşağı göstəricidir.

Sonda Humanitar məsələlər üzrə prorektor dosent  Gülsüm Fətəliyeva siyasi analitik Oleq Kuznetsova 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımının tanınması üçün həsr etdiyi bu petisiyaya, real faktlara əsaslanaraq işğalçı erməni faşizminin insanlığa qarşı törətdiyi vəhşiliyi dünya xalqlarına çatdırmağa çalışdığına görə universitetin kollektivi adından xüsusi təşəkkürünü bildirmişdir.